Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi azad edilən ərazilərdə məskunlaşan əhali üçün yeni layihə başladır. Agentlikdən bildirilib ki, qeyri-hökumət təşkilatları (QHT) gələn aydan azad edilən ərazilərdə ödənişsiz səyyar xidmət göstərəcək. Layihə çərçivəsində məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkili nəzərdə tutulur. Layihədə iştirak edəcək QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq. Bura səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər daxildir.

 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri, QHT.AZ saytının rəhbəri Cəsarət Hüseynzadə bu təşəbbüsü müsbət dəyərləndirib. O, Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Laçın-Xankəndi yolunda 138 günlük eko-aksiya keçirən və nəticə əldə edən Azərbaycan vətəndaş cəmiyyəti sektorunun növbəti mərhələdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlərə cəlb olunması həm də məntiqi ardıclığın yaxşı nümunəsidir:

“Bildiyimiz kimi QHT sektoru çoxşaxəli fəaliyyətləri özündə əks etdirir. Bu baxımdan bir çox QHT-lərin səyyar xidmətlər formasında fəaliyyətinin işğaldan azad olunmuş və “Böyük Qayıdış”ın reallaşdığı ərazilərdə həyata keçirilməsi yaxşı bir başlanğıcdır:  

“Düşünürəm ki, bu layihənin azad edilmiş ərazilərdə məskunlaşan insanlara çox faydası olacaq. İlk növbədə səyyar tibbi xidmətlər əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün vacibdir. Xüsusilə, psixoloji dəstək xidmətləri şəhid ailələri və travma yaşamış şəxslərin reabilitasiyası üçün mühüm rol oynayaraq onların psixoloji sağlamlığını və sosial inteqrasiyasını dəstəkləyəcək. Həmçinin məktəblilər və gənclər üçün təlimlər və intellektual oyunlar onların intellektual və sosial bacarıqlarını inkişaf etdirəcək, təhsilə olan marağı artıracaq. Eyni zamanda, ekoloji maarifləndirmə və mina və partlamamış hərbi sursatlardan qorunma təlimləri əhalinin təhlükəsizliyini və ətraf mühitin qorunmasını təmin edəcək. Bu təlimlər insanların ekoloji məsələlərə və təhlükələrə dair məlumatlılığını artıracaq, onların daha təhlükəsiz və şüurlu davranmasına şərait yaradacaq”.

C.Hüseynzadə hesab edir ki, QHT-lər tərəfindən azad edilmiş ərazilərdə qısamüddətli olsa belə peşə hazırlığı və məşğulluğun artırılması təlimləri də həyata keçirilə bilər:

“Səyyar xidmətlər sosial inklüzivlik və cəmiyyətin birliyi baxımından da əhəmiyyət kəsb edir. Bu tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında birliyi və həmrəyliyi artıracaq, sosial harmoniya yaradacaq. Bu fəaliyyətlər azad edilmiş ərazilərdə yaşayan insanların həyat şəraitini və ümumi rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Düşünürəm ki, nəticə etibarilə QHT-lərin nüfuzu da artacaq və onlar cəmiyyətdə mövqelərini möhkəmləndirəcək. QHT-lərin peşəkarlığı və etibarlılığı nümayiş olunacaq, cəmiyyətin müxtəlif təbəqələri ilə sıx əlaqələr qurulacaq, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndiriləcək. Sosial məsuliyyətin və ictimai faydanın, ictimai dəstəyin artması, QHT-lərin davamlı inkişafı və möhkəmlənməsi kimi məqamları da sadalamaq olar. Bu, QHT-lərin daha geniş miqyasda fəaliyyət göstərməsinə və daha çox insana fayda verməsinə şərait yaradacaq. Fikrimcə, bu fəaliyyətlərin uzunmüddətli təsiri isə azad edilmiş ərazilərin sosial və iqtisadi inkişafına mühüm töhfə verəcək”.

Törə Zeynallı
Demokrat.az