Xaqani Əliyev: “Hər iki xanın etdiyi bu kişi əməli “Xanlarımız həmişə bir-birinə düşmən olublar” deyənlərə cavabdır.”

Yazıçı dramaturq Xaqani Əliyev xanlıqlar dövründən bəhs edən "Ehsan xan Kəngərli”, “Kalbalı xan Kəngərli”, “Pənahəli xan”, "İrəvan 1804”, “Qılınc qınından çıxacaq” tarıxı dramlarının müəllifidir. Əsərləri İrəvan, Naxçıvan, Dərbənd, Mingəçevir, Füzuli  Dövlət Dram teatrlarında tamaşaya qoyulub. “Çələbi xan” tarixi dramı isə Şəki Dövlət Dram Teatrında dövlət sifarişi yolu ilə tamaşaya hazırlanmış və bu yaxınlarda Premyerası oynanılmışdır.

Hasil Tağıyev: - Tariximizdən, o cümlədən xanlıqlar dövründən bəhs edən çox sayda elmi kitablar çap olunub. Etiraf edək ki, tariximizi öyrənmək baxımından bu sahədə bir o qədər də problem yoxdur. Əgər elədirsə,  onda tarixi pyeslər, dramlar yazmağa nə dərəcədə ehtiyac var?

Xaqani Əliyev: - Akademik tərzdə, elmi dildə yazılmış tarixi kitablar faktlarla, quru məlumatlarla yüklü olduğundan, oxucu üçün bəhs edilən tarixi hadisənin mahiyyətini, əhəmiyyətini anlamaq, qavramaq və analiz etmək çətin olur. Amma tarixi hadisələr tarixiliyinə toxunulmadan rəvan, sadə və bədii dildə yazılarsa, onu dərindən anlayaraq yadda saxlamaq daha asandır. Dramaturuji matreal teatr üçündür.Yazılan pyes əsasında tamaşa hazırlanmırsa onu yazmağın əhəmiyyəti yoxdur. Teatr tamaşasının isə üstün cəhətlərini hamımız bilirik. Tamaşa zamanı insanın görmə və eşitmə qabiliyyətinin vəhdət təşkil edərək qavramaya və  yaddaşa olan güclü təsirini nəzərə alsaq, tarixdən bəhs edən dram əsərləri yazılmalı və tamaşası mütləq hazırlanmalıdır. Belə olan halda tariximizin yaddaşlara yazılmasına teatr öz töhvəsini vermiş olur.

Hasil Tağıyev:- “Hacı Çələbi xan” əsəri haqqında bir qədər geniş məlumat verməyinizi xahiş edirəm.

Xaqani Əliyev:- Maraqlı tarixi hadisələrlə zəngin olan iki hissəli tarixi dram Şəki xanlığını yaradan, zamanında hikmətli, işıqlı və cəsur xan kimi ad qazanmış, Nadir şahın Şəkiyə təyin etdiyi məlik Nəcəfin  zülümlərinə qarşı əhalinin qaldırdığı qiyama rəhbərlik edərək, hələ şahın sağlığında Şəki xanlığını yaratmış Hacı Çələbi xanın həyatından, onun parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək istəyindən, xanlığın ərazisini yadelli düşmənlərdən qorumaq uğrunda apardığı mübarizədən bəhs edir. Çələbi xanın Nadir şahla mənəvi mübarizəsi, zülm və ədalətin əbədi mübarizəsi fövqündə təsvir edilir və əsərin əsas süjet xəttini təşkil edir.

Hasil Tağıyev:- Bildiyimiz kimi Nadir şah çox mürəkkəb taleli şah olmuşdur. Əsərdə onun obrazı necə verilmişdir?

Xaqani Əliyev:- Həyatda olduğu kimi. Böyük Əfşarlar imperiyası yaradaraq dünyanın yarısını fəth etmiş fateh! Zülm etməklə taxtını qoruyan şah! Bütöv Azərbaycan vilayəti yaradaraq bu gün fəxrlə baxdığımız xəritəni çəkən türk oğlu! Qurduğu dövləti qorumaq naminə oğlunun gözlərini çıxaran ata! Borçalını gürcü çarlarına bağışlayan, Qarabağın xristian məliklərini vergidən azad edərək birbaşa özünə tabe etməklə onların əl-qolunu açan, törəyib-artmalarına şərait yaradan Xorasanlı çobanın oğlu! Amma oğlunu gözlərindən məhrum etmiş atanın şəxsi faciəsini, keçirdiyi iztirabları, Çələbi xanla olan mənəvi mübarizəsini daha çox qabartmağa çalışmışam.

Hasil Tağıyev:- Əsərdə əsas hadisələrdən biri də tariximizin “qara ləkəsi” olan Qızılqaya xəyanətidir. Bu hadisəyə tarixçilərimizdən fərqli olaraq, ədəbi yanaşmanız necədir?

Xaqani Əliyev: - Güclənmiş, ədalətli Şəki xanından təhlükələr gözləyən bəzi Azərbaycan xanları Hacı Çələbi xana qarşı birlikdə mübarizə aparmaq məqsədi ilə Kartli-Kaxet (İndiki Gürcüstan) çarları, ata-oğul Teymuraz və İrakli ilə Gəncə ətrafında Qızılqaya adlanan yerdə  görüşürlər. Sadəlöhv Qarabağ xanı Pənahəli xan da onların arasında olur.

Məkrli məqsədlə Qızılqayaya gələn gürcü çarları özləri ilə gizli yollarla silahlı dəstələr gətirirlər və danışıqların son məqamında həmin xanları qandallayıb, əsir edirlər, Tiflisə aparmaq istəyirlər.  

Bu xəbər Çələbi xana çatır və xan məsləhət –məşvərət məclisi toplayır. Tarixdə qalmış və hamının bildiyi məşhur sözləri də məhz həmin məşvərət zamanı deyir: “Nə qərar verirsiniz verin, Kürü keçmək içində olsun!”  Ağsaqqallardan xeyir-dua alan Çələbi xan indiki Mingəçevir ərazisindən Kür çayını keçir və Gəncədə Nizami məqbərəsinin yerləşdiyi ərazidə Teymuraz və İraklini döyüşərək məğlub edir, əsir xanları o cümlədən Pənahəli xanı da azad edir. “Gedin, papağınızı qarşınıza qoyub fikirləşin, nə istədiyimi bəlkə başa düşəsiniz... anlayasınız” deyib onları sərbəst buraxır.

Hasil Tağıyev: - Çələbi xanı onları sağ buraxmağa vadar edən nə idi?

Xaqani Əliyev: - Bunu sözlərlə ifadə etmək çətindir. Çoxları milli mənəvi dəyərlərdən danışır, amma lazım olan anda bu dəyərləri qorumağı bacarırmı? Xalqımıza xas olan kişilik, sözü bütövlülük, el-oba sevgizi, düşmən olsalar belə öz qanından olanları, yadelli ayağına verməmək, səhvi bağışlamaq, xalq mənafeni şəxsi mənafedən üstün tutmaq kimi mənəvi dəyərlər Çələbi xanı bu addımı atmağa vadar edir.

Hasil Tağıyev: - Pənahəli xan bu yaxşılığı unudurmu?

Xaqani Əliyev: - Xeyr, unutmur. Hacı Çələbi xanın ölümündən çox sanralar onun oğlu Ağakişi bəyi qaynatası Qazıqumuqlu Məhəmməd xan öldürür, Şəkini işğal  edir və  xan taxtında oturur. Bunu eşidən Pənahəli xan “ Çələbi xana bir can borcum var, qaytarmalıyam” deyib Qarabağdan Şəkiyə qoşun çəkir, xəyanətkar yadellini qovur, Çələbi xanın nəvəsi Hüseyn xanı taxta oturdur. Şəki xanlığını ola biləcək bəlalardan qoruyur.

Çələbi xanı hər şeyi unudaraq Qızılqayada əsir düşmüş xanları, o cümlədən Pənahəli xanı da azad etməyə vadar edən gözəgörünməz, sözlə ifadəsi çətin olan hisslər,  Pənahəli xanı da həyatını təhlükəyə atmağa məcbur edir. Hər iki xanın, əsl türk  kişisinə məxsus olan, etdiyi bu əməl “ Xanlarımız həmişə bir-birinə düşmən olublar” deyənlərə layiqli cavabdır.

Hasil Tağıyev:- Döğrudan da Çələbi xanın bu əməli, torpağının, vətəninin, xalqının gələcəyi naminə aralarında olan narazılıqları son anda unudaraq, bir-birinin imdadına çatan, düşmənə qarşı birləşən öndəgedənlərin etdiyi, ibrət götürüləsi hərəkətin bariz nümunəsidir. Tariximizdə olan belə nümunələr təbliğ edilməlidir ki, indi yetişən gənc nəsl keçmişimizi öyrənsinlər və ondan ibrət dərsi alsınlar.

Xaqani Əliyev:- Əfsuslar olsun ki, bu nümunə o zamankı Azərbaycan xanları arasında çox müzakirə edilən birləşmək ideyasında olan fikir ayrılıqlarına son qoya bilmədi, bu da xalqın düşmənə qarşı birləşməsini mümkünsüz etdi. Amma kiçik hisslərə yaşayan bəzi xanların iddiaları olmasaydı bu mümkün idi. Xalqımız bu birliyə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nail oldu və bu birlik bizə qələbə gətirdi. Böyük adamların əməlləri də böyük olur.

Hasil Tağıyev: Çox sağ olun. Sizə yaradıcılıq uğurları arzulayıram.