01.02.2022-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsinin icrasına start verilmişdir. 
 
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyevin  QHT.az-a verdiyi müsahibədə qeyd edib ki, artıq 2022-ci ilin fevral ayından layihənin icrasına başlamışıq, hazırda layihənin icra planına uyğun olaraq müvafiq sənədləşmə işləri həyata keçirilir. İcrasına başlanmış  layihənin əsas məqsədi Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində regional turizmin mövcud vəziyyətinin araşdırılmasından, post pandemiya dövründə regional turizmin reabilitasiyasından və gələcək fəaliyyətin strateji istiqamətinin müəyyən olunmasından ibarətdir. Layihə, iqtisadiyyatın vacib sahələrindən biri olan regional turizmin inkişafına istiqamətlənmişdir.
 
 
Qeyd olunan layihə çərçivəsində regionda yaşayan və turizm sahəsində fəaliyyət göstərən 100 nəfər sahibkarlarla sorğular keçiriləcək, rayonlarda bu sahədə fəaliyyət göstərən iş adamları ilə təkbətək və qrup görüşləri keçiriləcək, onların rastlaşdıqları çətinliklər müəyyən olunacaq, onlara Birliyin ekspertləri tərəfindən müvafiq tövsiyə və məsləhətlər veriləcək, eləcə də, gələcək fəaliyyət istiqamətləri müəyyən olunacaq. Bundan başqa, layihə çərçivəsində 3 geniş miqyaslı tədbirin keçirilməsi nəzərdə tutulur ki, həmin tədbirə Dövlət qurumlarından, Özəl və İctimai sektorlardan nümayəndələr dəvət olunacaq. 
 
“Regional turizmin mövcud vəziyyəti. postpandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi çərçivəsində həyata keçiriləcək tədqiqatın nəticələri və tədbirlər haqqında materiallar və məlumatlar yerli KİV-də mütəmadi olaraq dərc ediləcək.
Buradan başqa, Şimal-Qərb regionunda yaşayan və turizmin istənilən sahəsində çalışan sahibkarlar (sənətkarlar, fiziki və hüquqi şəxslər) bizimlə əlaqə saxlaya bilərlər. (Əlaqə vasitələri: Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, M. Müşfiq küçəsi 45B, Tel: (050) 5779859, e-mail: [email protected], [email protected]). Ümid edirik ki, layihə çərçivəsində təşkil olunacaq tədbirlər regional turizmin inkişafına daha effektiv təsir göstərəcəkdir. 
 
Qeyd edim ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında yaradılmış və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Təşkilatın əsas missiyası, “Regionlarda yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), həmçinin, gənclərin, qadınların, əlillərin hüquqi, təşkilati və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir. Layihə 4 ay müddətində davam edəcəkdir!