Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.
QHT.az xəbər verir ki, QHT Agentliyinin rəhbərliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarədə olublar.
İdarənin rəisi Erkan Kılıç, habelə qurumun rəhbər şəxsləri qonaqlara fəaliyyətləri barədə geniş təqdimat ediblər. Təqdimatda Baş İdarənin vəzifələri, QHT-lərə dövlət dəstəyi, Türkiyənin bütün ərazilərində QHT-lərlə işin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi, QHT-lər üçün göstərilən xidmətlər və həyata keçirilən digər mühüm işlər haqqında məlumat verilib. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva Baş idarənin rəhbərliyinə təşəkkür edərək, Azərbaycanda və Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumlar arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu fəaliyyətin genişləndirilməsi üçün müştərək layihələrin və proqramların reallaşmasının iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə də müsbət töhfə verəcəyini bildirib.












