"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı çərçivəsində gənclərin sosial məsuliyyət hissinin artırılmasına yönəlmiş tədbirlər davam edir. Keçirilən tədbirdə könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət etdilər.

QHT.az xəbər verir ki, könüllülər ahıllarla həmsöhbət olub, birlikdə müxtəlif stolüstü oyunlar oynayıb, əl işləri hazırladılar və maraqlı musiqili-əyləncəli proqramla çıxış etdilər. Gənclərin diqqət və qayğısı ilə əhatə olunan ahıllar xoş əhval-ruhiyyəli bir gün keçirdilər.

Tədbirin əsas məqsədi nəsillərarası əlaqələri gücləndirmək, ahılların sosial həyatını aktivləşdirmək və gənclərdə könüllülük mədəniyyətini inkişaf etdirmək idi.