07.03.2026- cı il tarixində Azərbaycan Milli QHT Forumunda “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə möhtəşəm konsert proqramı təşkil olunub. Tədbirin əsas məqsədi Azərbaycan qadınlarının cəmiyyətimizdəki rolunu, onların gücünü və fədakarlığını qeyd etməklə yanaşı, istedadlı uşaq və gənclərin yaradıcılığını nümayiş etdirmək və onları tanıtmaq olub.
Tədbirdə şəhid ailələri xüsusi ehtiramla qarşılanıb. Konsertdə şəhid Tural Dəmirçiyevin anası Səadət xanım və ailə üzvləri, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə xanım iştirak ediblər. Şəhid analarına göstərilən diqqət və ehtiram tədbirin ən duyğulu məqamlarından biri olub. Onların vətən uğrunda canından keçən övladlarının xatirəsi böyük hörmət və minnətdarlıqla yad edilib.
QHT.az bildirir ki, tədbirdə həmçinin millət vəkili Aydın Mirzəzadə, tanınmış ziyalılar, mədəniyyət və incəsənət nümayəndələri, o Cümlədən şair , bəstəkar, Nəsibə xanım İsrafilqızı, xanəndə Maya Cəbrayılova, filologiya elmləri üzrə fəlsəfə doktoru Mahrux Dövlətzadə, xanəndə metodist Vəsilə xanım Quliyeva, İstedadları Tanıyaq və Tanıdaq ictimai birliyinin eksperti Yaşar Quliyev, Tarzən Fəxri mədəniyyət işçisi İntiqam Abbasov, şəxsi inkişaf təlimçisi Natəvan Əfəndiyeva, İstedadları Tanıyaq və Tanıdaq ictimai birliyinin sədr müavini Nargül Quliyeva, istedadlı uşaq və gənclər, onların ailə üzvləri iştirak ediblər. Qonaqlar çıxış edərək Azərbaycan qadınının tarix boyu göstərdiyi fədakarlıqdan, ölkənin ictimai və mədəni həyatında oynadığı mühüm roldan bəhs ediblər. Onlar belə tədbirlərin gənclərin inkişafı və istedadların üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
İstedadlı gənc rəssamların rəsm əsərləri və əl islərinin sərgisi ilə başlayan tədbir maraqlı konsert proqramı ilə davam edib. Konsert proqramında istedadlı uşaq və gənclər öz çıxışları ilə tamaşaçılara xoş anlar yaşadıblar. Musiqi nömrələri, muğam ifaları, rəqs kompozisiyaları və bədii çıxışlar tədbirə xüsusi rəng qatıb. Gənc ifaçıların səhnə mədəniyyəti və istedadı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirin sonunda fəal iştirak edən istedadlı uşaq və gənclərə diplom və təşəkkürnamələr təqdim olunub. Qonaqlar belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
"İstedadları Tanıyaq və Tanıdaq" ictimai birliyinin sədri Vüsalə Qələndərli qeyd edib ki, Birlik ölkəmizdə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi və cəmiyyətə tanıdılması istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirməyə davam edir.
Xəbərlər
QHT-nin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib












