Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin noyabırında 26 qurumla birgə qrant müsabiqəsi elan etmişdir. Bu qrant müsabiqəsinin nəticələri 2020-ci ilin mart ayında elan olundu.
Mayın 31-dən etibarən isə Şura Katibliyi qrant müsabiqəsinin qalibi olan QHT-lərlə qrant müqavilələrinin imzalanması üçün zəruri hazırlığa başlanmışdır. İndiyədək 363 QHT ilə qrant müqaviləsi imzalanıb.
Şura iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalayır. Məlumat üçün bildirək ki, SƏLİS müqavilə ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. QHT bir neçə saniyədə Asan İmza vasitəsilə Şura ilə qrant müqaviləsini bağlayır.
İlk dəfə tətbiq olunan bu sistemin region QHT-ləri və əlliliyi olan şəxslərin problemləri ilə məşğul olan təşkilatlar üçün xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə isə elektron müqavilə şəffaflıq və əlçatanlıq baxımından da vacib alətlərdən sayılır.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanan SƏLİS platformasının xüsusi əhəmiyyəti dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə daha da qabarıq göründü. Belə ki, SƏLİS Platforması olmasaydı, ölkəmizdə xüsusi karantın rejiminin mövcud olduğunu nəzərə alsaq, Şuranın 26 tərəfdaş qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinin qalibi olmuş 423 QHT ilə müqavilə bağlanması qeyri mümkün olardı.
Hazırda QHT-lərlə SƏLİS müqavilələrin imzalanması prosesi davam etməkdədir. Bu proses yaxın vaxtlarda başa çatacaq və QHT-lər layihələrin icrasına başlayacaqlar.
QHT.az SƏLİS Platforması üzərindən Şura ilə qrant müqaviləsi bağlayan bir neçə QHT rəhbərinin fikirlərini öyrənib.
Lamiyə İsazadə (Gəncə): SƏLİS QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelidir

Lamiyə İsazadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri.
Bildiyimiz kimi cari ildə ilk dəfə olaraq qeyri-hökumət təşkilatları qalib olduqları layihənin müqavilələrini elektron qaydada imzaladılar və bu da QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yaradılan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) platforması çərçivəsində mümkün oldu. SƏLİS sisteminin əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etmək, Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT-lərin məmnunluğunu təmin etmək idi ki, bu da ən yüksək səviyyədə mümkün oldu. Eyni zamanda SƏLİS xidməti QHT Şurasının göstərdiyi xidmətlərin keyfiyyət səviyyəsi, eləcə də qərarların qəbul edilməsi prosesində vətəndaş iştirakçılığının artırılması məqsədilə yaradılmışdır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası hər zaman müasir dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərib. SƏLİS-i yaratmaqla isə QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelinə imza atılmış oldu. Şuranın təşəbbüsü ilə indiyə qədər bir çox böyük uğurlara imza atılıb. Bu gün də QHT-lərlə qrant müqavilələrinin heç bir canlı təmas olmadan elektron qaydada imzalanması və nəzərə alsaq ki, ölkəmizdə QHT-lərə xidmət sahəsində bu ilk dəfə tətbiq olunur, əlbəttə ki bunu Şuranın ən böyük uğurlarından hesab etmək olar.
Cəmi bir neçə saniyə ərzində qrant müqaviləsinin imzalanması prosesi olduqca rahat və sevindirici haldır. Hesab edirəm ki, Şura 2019-cu ildə QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırmasaydı, buğunku çətin pandemiya günlərində Şuranın qrant müsabiqəsinin qalibləri ilə müqavilə bağlamağında və layihələrin icrasında ciddi problemlər yarana bilərdi
Azər Əliyev (Bakı): Qrant müqaviləmizi canlı təmas olmadan elektron qaydada imzaladıq

Azər Əliyev, “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin sədri.
QHT-lərə Dövlət Dəstəyi Şurası hər il qrant müsabiqələrinin keçirilməsində yeniliklərə imza atır və bu müsabiqələrin şəffaf keçirilməsi və prosesin sadələşdirilməsində İKT-nin mümkün imkanlarından maksimum istifadə edir. Ötən il “SƏLİS”-in yaradılması və istifadəyə verilməsi dünya təcrübəsində bir ilkə imza atmaq idi. “SƏLİS”-in istifadəyə verilməsi bütün vətəndaş cəmiyyəti iştirakçılarının ürəyincə olduğu hər birimizə məlumdur. Bu ilədək qrant müsabiqəsində iştirak üçün müraciətdən başlayaraq, bütün proseslər elektron resurslardan istifadə edilməklə həyata keçirilirdi. Bu il isə daha bir ilkə imza atılaraq “SƏLİS” platforması elektron hökumət portalına inteqrasiya olundu və müqavilələr Asan İmza vasitəsilə imzalandı. Bizim təşkilat da bir –neçə saniyə müddətində qrant müqaviləni canlı təmas olmadan elektron qaydada imzaladıq.
Müqavilələrin Asan İmza ilə bağlanması və SƏLİS platformasının əhəmiyyəti xüsusən Pandemiya şəraitində əvəzsizdir. Birinci qrant müsabiqəsində qalib olan 300-dən artıq QHT rəhbərinin və mühasibinin müqavilə bağlanılması üçün canlı təmasda olması kifayət qədər riskli bir addım olardı. Bu baxımdan Şuranın bu sistemi Pandemiyadan da öncə yaratması, bu qurumun elektron hökumətin formalaşması istiqamətində atdığı mühüm addım kimi qiymətləndirmək olar. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası sözün əsl mənasında QHT sektoru üçün yüksək səviyyədə öz dəstəyini göstərməkdədir. Bu cür şəraitin yaradılmasında başda Şuranın sədri, millət vəkili Azay Quliyevə və Şurasının bütün əməkdaşlarına “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin kollektivi adından öz minnətdarlığımızı bildiririk.
Vamiq Babayev (Lənkəran): SƏLİS müqavilə alternativsiz bir elektron xidmətdir

Vamiq Babayev, "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ilin iyunun ayının əvvəlindən başlayaraq QHT-lərlə heç bir canlı təmas olmadan elektron qaydada www.selis.az portalı üzərindən qrant müqavilələrini imzalamağa başlayıb. Bildirmək istəyirəm ki, QHT Şurası 2019-cu ildən layihələrin elektron idarə edilməsi ilə bağlı Sürətli Əlaqələndirmə və Layihələri İdarəedilməsi Sistemi (SƏLİS) vasitəsi ilə elektron xidmətlərin geniş tətbiqinə başlamışdır. QHT Şurası ilə QHT-lər arasında qrant müqavilələrinin elektron qaydada imzalanmasını isə elektron xidmətlərin göstərilməsi baxımından Şura tərəfindən ölkəmizdə irəli atılan mütərəqqi və mükəmməl addım kimi qiymətləndirirəm. Şuranın göstərdiyi bütün elektron xidmətlər əvvəlki dövrlərdə təkcə Şura ilə QHT-lər arasındakı canlı təması minimuma endirmək, şəffaflıq və hesabatlılıq, eyni zamanda sürətli əlaqələndirməni təmin etmək baxımından əhəmiyyət kəsb edirdisə hazırkı - COVİD-19 pandemiyası dövründə həmin xidmətlər, o cümlədən SƏLİS müqavilə demək olar ki, tətbiq olunan yeniliklər içərisində alternativsiz bir elektron xidmətdir.
Mən də "Şəfəq" Ekoturizm İctimai Birliyi adından Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2020-ci ildə maliyyələşdirdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində "COVİD-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizmin təşviqi" layihəsi üzrə 2020-ci ilin iyun ayında ASAN imza ilə SƏLİS müqaviləsini imzaladım. Qeyd edim ki, bu müsabiqəni QHT Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etmişdir. SƏLİS müqaviləsini qısa zamanda bağlamaq məsafə qət etmədən və vaxt itirmədən mənim üçün çox asan oldu. Layihənin COVİD-19 pandemiyası şəraitinə uyğunlaşdırılması istiqamətində elektron qaydada edilən dəyişikliklər, dəyişikliklərin dəqiqləşdirilməsi və müqavilənin imzalanması Şura ilə qarşılıqlı şəkildə çox operativ icra edildi. Belə mütərəqqi elektron sistemin QHT-lər üçün tətbiq edilməsinə görə Şura sədri hörmətli Azay Quliyev başda olmaqla qurumun bütün əməkdaşlarına təşəkkür edirəm.
Gülqədəm Mirzəzadə (Neftçala): SƏLİS proqramı canlı təması sıfıra endirdi

Gülqədəm Mirzəzadə, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri.
Təşkilatımız Neftçala rayonunda fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə istifadəyə verdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihə Idarəetmə Sistemi proqramı təqdim olunmamışdan əvvəl layihə qalib elan olunandan hesabat təqdim etdiyimiz zamanadək Şura ilə əlaqə saxlamaq üçün Bakıya gəlməli olurduq. Bu da kifayət qədər zamanımızı alırdı. 24 saat fasiləsiz xidmət göstərən innovativ proqram tətbiq olunduqdan sonra təqdim etdiyimiz layihənin Şura ilə razılaşdırılması və müqavilə bağlanması prosesi elektron qaydada həyata keçirilməklə izafi vaxt itkisi aradan qaldırıldı. Son zamanlar dünyada hökm sürən Covid-19 pandemiyasının insanları evdə qalmağa məcbur etdiyi dövrdə SƏLİS proqramı canlı təması sıfıra endirdi. Şuranın, müasir dövrün tələblərinə uyğun formalaşdırdığı yeni və innovativ əməkdaşlıq modeli ilə müqavilə imzaladıq. SƏLİS proqramı bizim üçün xidmətləri daha rahat və əlçatan etdi, şəffaflığı artırdı. Regionda fəaliyyət göstərməyin çətinliyini aradan qaldıran bu proqramın tətbiqi üçün təşəkkür edirik.
Cavad Qasımov (Bakı): SƏLİS əlilliyi olan insanları təmsil edən təşkilatlar üçün münasibdir

Cavad Qasımov, İstedadlı Əlillər İctimai Birliyinin sədri.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi SƏLİS proqramı şəffaflıq, rahatçılıq və əlçatanıq baxımından mükəmməl bir sistemdir. Xüsusən də əlilliyi olan insanları təmsil edən təşkilatlar üçün daha münasibdir. 2020-ci ilin birinci qrant müsabiqəsində İstedadlı Əlillər ictimai birliyinin layihəsi də qalib olmuşdur. Layihə müqaviləsini Səlis sistemi üzərindən onlayn formada asan imza vasitəsi ilə təsdiq etdik.
Hər il təkmilləşən SƏLİS sistemi artıq Azərbaycan brendinə çevrilmişdir. Bu kimi proqramların bütün qurumlarda tətbiq olunması arzu olunandı. SƏLİS-in yaradıcı və işçi heyətinə uğurlar diləyirik.
Ruslan Atakişiyev (Bakı): Digər dövlət orqanları üçün yaxşı nümunədir

phd. Ruslan Atakişiyev, İqisadi Resurslarının Öyrənilməsi İctimai Birliyinin sədri.
Əvvəllər biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihələrdə sənədləri elektron variantda göndərsək də, müqavilə imzalamaq üçün mütləq şuranın ofisinə getməli idik.
Amma bu Koronovirus pandemiyası dövrü üçün şura bir yenilik həyata keçirdi. Səlis portalı vasitəsiylə layihəni elektron şəkildə imzalanması prosesi həyata keçirildi. Belə ki, səlis portalına daxil olub, elektron növbə bölməsində biz müqavilə sənədləri ilə bağlı olaraq şuranın əməkdaşları tərəfindən bizə göndərilmiş iradları əsasında düzəlişlərimiz edib, Şura ilə razılaşdırmaq üçün sənədlərimizi yenidən geri göndərdik.
Elektron göndərdiyimiz sənədlər əsasında bizə (həm e-mail, həm də whatsapp vasitəsi ilə) bildiriş gəldi ki, “Artıq müqavilə imzalamaq üçün sənədlər hazırdır.” Yenidən Səlis portalına asan imza ilə e-növbə bölməsinə daxil olanda müqavilə artıq hazır idi və müqavilənin bütün bəndləri ilə yaxından tanış olmaq mümkün idi.
Bundan sonra biz müqavilənin asan imza vasitəsi ilə təsdiqi prosesinə getdik. Əgər PİN 1 yığıb sənəd ilə tanış olurduqsa, PİN 2 kodu yığmaqla müqaviləyə onlayn imza atmış olduq.
Artıq şuranın ofisinə getmədən müqaviləni imzalamış olduq. 25 iyun tarixində bizə bildiriş gəldi ki, müqaviləmizə Ədliyyə Nazirliyindən müvafiq bildiriş alınmışdır. Hesab edirik ki, Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sənədləşməni və müqavilələrin imzalanmasını 100 faiz onlayn həyata keçirilməsi şuranın pandemiya dövründə kəsintisiz, tam öz fəaliyyət göstərməsinə kömək olmuşdur. Bu da digər dövlət orqanları üçün yaxşı nümunədir.
Pərvanə Vəliyeva (Bakı): Şuranın elektron müqavilə xidməti pandemiyadan öncə hazırlamış olması da böyük üstünlük oldu və yerinə düşdü

Pərvanə Vəliyeva, "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini.
Bu il SƏLİS sayəsində “Sağlamlığa Xidmət” İctimai birliyi olaraq qısa zaman kəsiyində qrant müqaviləmizi onlayn qaydada imzaladıq. Sənədlərin razılaşdırılması prosesi də qısa bir müddətdə reallaşdı.
Ümumiyyətlə, ASAN imza vasitəsilə dövlət qurumu ilə müqavilənin bağlanılması təcrübəsi geniş tətbiq edilməsi, digər dövlət qurumları tərəfindən də ən yaxşı təcrübə kimi istifadə edilməlidir. Bu, həm şəffaflıqdan xəbər verir, həm də vahid elektron məlumat baza sisteminin də yaradılmasına kömək edir.
QHT-lərin vahid elektron sistem sayəsində artıq ötən ildən asanlaşdırılmış işini elektron imzalana bilən müqavilələr bu dəfə daha da asanlaşdırdı. Şuranın elektron müqavilə layihə planını pandemiyadan öncə hazırlamış olması da böyük üstünlük oldu və yerinə düşdü.
Pandemiya zamanı əhalinin hərəkətinin minimuma endirilməsi ilə koronavirusun ölkəmizdə yarada biləcəyi zərərin azaldılması strategiyasına Şura tərəfindən yüksək həssaslıqla yanaşılmasını və operativ sistemlərin vaxtında işə salınması təşəbbüsünü yüksək qiymətləndiririk. Hər dönəmdə olduğu kimi, fövqəladə vəziyyətlərdə də biz QHT-ləri düşünərək yeni yanaşmalar, yeni sistemlər yaradılması istiqamətində gecə-gündüz çalışan, fədakar Şura əməkdaşlarına təşkilatımız adından dərin təşəkkürümü bildirirəm.
Şəmsəddin Əliyev (Bakı): QHT- lərin müraciətlərinə çevik reaksiya verilir

Şəmsəddin Əliyev, “Polisə Dəstək” İctimai Birliyinin sədri.
Bu platforma bürokratçılığa və tərəflər arasında yarana biləcək hər hansı narazılığa qarşı bir səddir. Elektron xidmət nəticəsində QHT- lərin müraciətlərinə çevik reaksiya verilir və məsələ obyektiv həllini tapır. Bu, həm də sui-istifadələrə qarşı mübarizənin canlı təzahürüdür. Buna təşəbbüskarlıq göstərənlərə, ilk öncə Şuranın rəhbərliyinə və bizimlə xoş rəftar edən nəcib və ziyalı kollektivinə məmnunluğumu ifadə edirəm.
QHT.az












