“İnsan hüquqlarını müdafiə etmək, qadın və uşaqlara hüquqi, sosioloji, psixoloji yardım göstərmək, aztəminatlı insanların həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək, sorğular keçirmək, maarifləndirmə işini aparmaq, seminarlar, təlimlər təşkil etmək təşkilatın əsas məqsədidir”.
Bu sözləri “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, İctimai Birlik hüquqi, sosial, maarifləndirmə sahələri üzrə təşkilatçılıq edir: “Vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq cəmiyyətdə əsas rolumuz vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılmasından ibarətdir. Əhalinin hüquqi, sosial müdafiəsi və hüquqi maarifləndirmə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edirik, bu sahədə araşdırmalar aparırıq. İctimai Birlik qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıbdır”.
Qeyd edək ki, 2023-cü ildə “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü seçilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihələr həyata keçirib. Əhaliyə pulsuz hüquqi, peşə məktəblərində insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işini təşkil edib. Regionlarda “Gələcəyin ailə modelini simvollaşdıran əsas dəyərlər mövzusunda” təhlil həyata keçirib. Eyni zamanda Dövlət və BMT-nin qurumları ilə sıx əməkdaşlıq edir.
Pərvanə Fərhadqızı












