“Təşkilatımızın loqosunu yaxın vaxtlarda re-brendinq etməyi, həmçinin veb-saytımızı yenidən hazırlamağı düşünürük”.

Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ulu Öndər və Gəncliyimiz” layihəsinin icrasını həyata keçirməkdəyik: “Gələcək aylarda gənclərin intellektual dünyagörüşlərinin inkişafı istiqamətində layihələrimizi davam etdirməyi düşünürük. Ola bilsin ki, regional formatda intellektual yarış təşkil edək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə gənclərin təşəbbüslərinə də yer verməyi planlaşdırmışıq”.

QHT sədri həmçinin qeyd edib ki, gənclər siyasətində təhsil starteji istiqamətlərdən biri hesab olunduğuna görə bu istiqamət əsas hesab olunur, Dayanıqlı İnkişaf İstiqamətlərindən biridir. Burada həm gənclərin maarifləndirilməsi, həm də istedadlı gənclərin aşkar edilməsi, tanıdılması prioritet məqsədlərdəndir.

Qeyd edək ki, təşkilat 2023-cü ildə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellekt marafonu” intellektual turiniri və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Payız kuboku” intellektual turniri layihələrini icra edib.

 

Pərvanə Fərhadqızı