Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyevin çağırışına əsasən, Sağlamlığa Xidmət İctimai birliyi də layihə fəaliyyətlərinin icrasını koronavirusla mübarizəyə yönləndirmişdir.
“Layihəmiz və əsas istiqamətimiz vərəmlə mübarizə olduğu üçün, vərəmdən əziyyət çəkən pasiyentlərə dəstək olmaq yönündə fəaliyyətlərimizi yenidən konfiqurasiya etdik.
“Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində ölkə vətəndaşlarına faydalı və dəstək olmaq baxımından bir neçə müxtəlif istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Koronavirusa yoluxmaya görə yüksək risk qrupu hesab edilən və pandemiya dövründə sosial-iqtisadi cəhətdən hədsiz əziyyət çəkən vərəm xəstələrinə psixo-sosial dəstək göstəriləcək.
Layihə çərçivəsində Bakının Binəqədi və Yasamal rayonları ərazisində məskunlaşmış 50 nəfər vərəm xəstəsinə müalicəyə bağlılığı artırmaq, onları COVİD-19 infeksiyası ilə bağlı maarifləndirmək məqsədilə baş çəkiləcək, ailələrə ərzaq yardımı ediləcəkdir.
Bundan başqa, bildiyiniz kimi, TƏBİB-in verdiyi məlumata görə, həbsxanalarda koronavirusa yoluxma halları qeydə alınmışdır. Bu baxımdan, Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində vərəm müalicəsində olan xəstələrin COVİD-19 virusu ilə bağlı məlumatlılığının artırılması nəzərdə tutulur.
Digər bir fəaliyyətlə isə pandemiya dövründə əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması istiqamətində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının potensialı artırılacaqdır. "Vətəndaş Cəmiyyəti təşkilatları və icmaların COVİD-19 pandemiyası dövründə səhiyyə proqramlarına dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda onlayn konfranslar keçiriləcək. Konfranslarda Moldova, Ukrayna və İtaliyanın tanınmış Fond və QHT-ləri bu istiqamətdə müsbət təcrübələrini bölüşəcəklər. Digər onlayn vebinarda isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosundan dəvət olunacaq vərəm üzrə ekspert Vərəm və koronavirusla bağlı Avropa regionunda hal-hazırki epidemioloji vəziyyət barədə təqdimatla çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandıracaqdır. Konfranslarda Azərbaycan dilinə ardıcıl tərcümə təmin ediləcəkdir. Bütün maraqlı tərəflər Azərbaycanda fəaliyyət göstərən QHT-ləri, tibb işçilərini və maraqlı tərəflər tədbirlərə dəvətlidir.
Qeydiyyat üçün [email protected] elektron poçt ünvanına müraciət edilməsini xahiş edirik.
Sağlamlığa Xidmət İctimai birliyi olaraq, yenə də ən ümdə vəzifəmiz Azərbaycan Respublikası vətəndaşlarına bu çətin dövrdə dəstək olmağa, onların hər iki xəstəlik barədə məlumatlılığının artırılmasına təşəbbüs göstərməkdir” deyə Sağlamlığa Xidmət İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva bildirmişdir.
Qeyd edək ki, layihə 3 ay davam edəcək. Layihənin işçi heyəti Pərvanə Vəliyeva, Elçin Muxtarlı, həkim ftiziator Samirə Məmmədova, sosioloq Zəminə Səfərova, Abbas Məmmədov. Layihənin könüllüləri həkim ftiziator Əli İsrayılov, Həmid Babayev-dir.












