Hər il 11 oktyabrda dünyada Beynəlxalq Qızlar Günü qeyd olunur. Bu gün, qız uşaqlarının cəmiyyətdəki roluna, onların təhsil, inkişaf və liderlik imkanlarına diqqət çəkmək məqsədi daşıyır.

Bizim üçün bu tarix təkcə təqvimdə bir gün deyil – gələcəyin güclü qadınlarının, elm adamlarının, müəllimlərinin, sənətkarlarının, liderlərinin yetişməsi üçün çağırış günüdür. Bu günün məqsədi qız uşaqlarının hüquqlarının müdafiəsi, onların təhsil, sağlamlıq, liderlik və sosial həyatda iştirak imkanlarının artırılmasıdır.

Azərbaycan bu istiqamətdə mühüm addımlar atan ölkələrdəndir. Ölkəmizdə qadın və qız uşaqlarının təhsil alması, öz potensiallarını reallaşdırması üçün dövlət səviyyəsində mühüm proqramlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə qız uşaqlarının təhsilinə, sağlam inkişafına, onların elmdə, mədəniyyətdə və idmanda iştirakına böyük diqqət göstərilir.

Bu gün qızlarımızın təhsildə, mədəniyyətdə, idmanda, texnologiyada və digər sahələrdə əldə etdikləri uğurlar bizi qürurlandırır. Amma unutmamalıyıq ki, hələ də dəstəyə, düzgün istiqamətə və bərabər imkanlara ehtiyacı olan çox sayda qız uşağımız var.  Çox təəssüf ki, dünyanın bəzəyi olan xeyli sayda qız uşaqları bəzəksiz qalıb. Ailə zorakılığı, işgəncələrə məruz qalan nə qədər qız uşaqları var...

Dünyada nə qədər qızlarımız var hansı ki, uşaqlığını yaşaya bilməyən, böyüməyən. İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalanlar. Dünyaya gəlmədən onun yaşayıb-yaşamayacağına qərar verilən uşaqlar çox vaxt qız uşaqları olur… Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, erkən nikaha məcbur olan uşaqlar heç vaxt böyümürlər. Halbuki qız uşaqları ailələrin xoşbəxtliyidir. Onları güclü, savadlı, özgüvənli böyüdək.

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi olaraq illərdir müxtəlif rayonlarda və məktəblərdə qız uşaqlarının istedadlarının üzə çıxarılması, onların bacarıqlarının inkişafı və özünəinamlarının artırılması istiqamətində layihələr həyata keçiririk.

Biz inanırıq ki, hər qız uşağına dəstək vermək – cəmiyyətin gələcəyinə sərmayə qoymaqdır. Qızlarımızın təhsildən kənarda qalmaması, onların öz istedadlarını azad şəkildə ifadə edə bilməsi üçün hər birimiz məsuliyyət daşıyırıq. Qızarımıza diqqət, qayğı hər birimizin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur.

Hər bir qız uşağı fərqli bir istedad, fərqli bir işıq daşıyır. Onlara sadəcə bu işığı parlatmaq üçün fürsət yaratmaq lazımdır. Unutmayaq – bir qız uşağının gülümsəməsi, bütün dünyanın daha gözəl olması deməkdir. Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara inam, azadlıq və uğur dolu bir gələcək arzulayırıq.

 

Vüsalə Qələndərli Sadıqova
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri