Rusiyanın elan etdiyi atəşkəsdən əvvəl Xersonda yanğınsöndürmə məntəqəsinə edilən hücumda bir nəfərin öldüyü bildirilib.
QHT.az xəbər verir ki, Rusiyanın birtərəfli qaydada elan etdiyi müvəqqəti atəşkəsin qüvvəyə minməsindən təxminən bir saat əvvəl Rusiya ordusunun hücuma keçdiyi bildirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb, dörd nəfər yaralanıb. o həmçinin deyib ki, hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib.
Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, hücum zamanı 4 partlayış baş verib və bununla yanaşı, yanğınsöndürmə məntəqəsinin yaxınlığındakı ev yanıb.
Timoşenko bildirib ki, Rusiya beynəlxalq hüququ pozaraq son 2 gündə Xersonda ikinci yanğınsöndürmə məntəqəsini vurub.
Rusiya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada, Rusiyanın atəşkəsə əməl etdiyi və Ukraynanın rus əsgərlərinin mövqelərini bombalamağa davam etdiyi bildirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin pravoslav Milad bayramı ilə əlaqədar Ukraynada 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-a qədər qoşunların təmas xətti boyunca atəşkəs elan etmişdi.












