2025-ci il “Resursların Öyrənilməsi” İctimai Birliyinin beynəlxalq əlaqələrində xüsusi bir dövr olmuşdur. Fəaliyyətimiz çərçivəsində bir sıra beynəlxalq əməkdaşlıqlar dərinləşdirilmiş və yeni münasibətlər formalaşdırılmışdır. Belə ki, bu dövr ərzində Pakistan, Türkiyə, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində müxtəlif təşkilatlarla işlər görülmüşdür.

Bu sözləri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən Pakistanın Əl-İqtisad Təşkilatı ilə memorandum imzalanmış, İslam cəmiyyətinin maariflənməsi məsələlərinə diqqət yetirilmişdir. Daha sonra, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına Şərqi Zəngəzur və Qarabağ regionlarına investisiyanın cəlbi üçün BƏƏ, Türkiyə və Bəhreyn tərəfdaşları ilə maariflənmə və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görüşlər keçirilmişdir:

"2025-ci ildə Dubayda Panasyev Beynəlxalq Təşkilatı və Əlhuda İslam İqtisadiyyatı Maliyyə Təşkilatı, Bəhreyndə isə Beynəlxalq Mühasibat və Audit Təşkilatı, Beynəlxalq İslam Marketinq Cəmiyyəti və Bəhreyn Bank və Maliyyə Tədris Mərkəzi ilə əməkdaşlıq qurulmuşdur. Türkiyədə Banklar Birliyi, Küveyt və Albaraka Bankları ilə əlaqələr genişləndirilmişdir. Eyni zamanda, İslam İnkişaf Bankının özəl sektora dəstəyi və Beynəlxalq İslam Ticarət və Maliyyə Təşkilatı ilə münasibətlər möhkəmləndirilmişdir".