Bərpaolunan enerji mənbələrinin genişlənməsi, elektromobillərin yayılması və iqlim siyasətləri neftə olan uzunmüddətli tələbatla bağlı gözləntiləri dəyişir. Bu proses qısa müddətdə neftə tələbi kəskin azaltmasa da, investorların gələcəyə dair qərarlarına ciddi təsir göstərir və qiymətlər üzərində psixoloji təzyiq yaradır.
QHT.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, dünya bazarlarında neftin ucuzlaşması aşağıdakı əsas səbəblərlə izah oluna bilər:
- qlobal təklifin tələbi üstələməsi;
- dünya iqtisadiyyatında artım tempinin zəifləməsi;
- yüksək faiz dərəcələri və güclü dollar;
- maliyyə bazarlarında riskdən yayınma meyli;
- enerji keçidi ilə bağlı struktur gözləntilər.
Qeyd etmək lazımdır ki, neft bazarı tsiklik xarakter daşıyır. Qiymətlərin aşağı düşməsi investisiyaların azalmasına, bu isə orta müddətdə yenidən təklif çatışmazlığına və qiymət artımına zəmin yarada bilər".












