Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Sağlam ailə - sağlam cəmiyyət” adlı layihəsi çərçivəsində növbəti seminar təşkil edilmişdir.

    Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri və tələbələri, ümumilikdə 42 nəfər iştirak etmişdir.      

      Tədbiri çiriş sözü ilə açan R. Nəsirov layihə barədə məlumat verdi və mövzunun aktuallığını vurğuladı. O, şəhər İcra Hakimiyyətinin bu məsələ ilə əlaqədar gördüyü işlərdən danışdı və seminarın işinə uğurlar arzuladı.Layihənin rəhbəri Ə. Mirzəyev təşkilatı dəstəyə görə Şirvan şəhər İcra Hakimiyyətinə və Kollecin rəhbərliyinə təşəkkürünü bildirdi və layihənin məqsədləri, görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verdi. O, öz çıxışında saglam ailə dəyərləri, nümunəvi ailə modelləri haqqında gənclərə məlumat verdi. Qədim milli və dini dəyərlərimizə əsaslanan ailə ənənələrinə həmişə sadiq qalan Azərbaycan xalqının nümunəvi ailə modellərindən misallar gətirildi. Qeyd olundu ki, dövlət orqanlarının çox ciddi tədbirlərinə baxmayaraq dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq hallarına hələ də rast gəlmək olur.

      Kollecin müəllimi Gülşən Baxışova ailədaxili münaqişələrin həlli zamanı qədim ənənələrimizə istinad edilməsinin vacibliyini vurğuladı və uşaqlarda böyüklərə hörmət hissinin aşılanmasının gələcəkdə onların cəmiyyətdə nüfuz sahibi olmaları üçün zəmin yaradacağını qeyd etdi.

     Mövzu ətrafında müzakirələrdə gənclər fəal iştirak etmişlər.