Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində 9 dekabrda Bakıda keçirilən Forumun III panelində “Konstitusiya” Araşdırmalar Fondunun sədri Şahin Nasrullayev çıxış edərək son 15 ildə Azərbaycanda QHT sektorunun inkişaf mərhələlərinə və hazırkı problemlərə diqqət çəkib.

QHT.az xəbər verir ki, Şahin Nasrullayev 2012-ci ilə qədər ölkədə QHT-lərin “çiçəklənmə dövrü” yaşadığını, həmin dövrdə xarici donorların aktiv maliyyə ayırdığını bildirib:

“Ən pik dövrdə Nazirliyin məlumatına əsasən 131 xarici donor tərəfindən 39 milyon manat qrant ayrılmışdı. Lakin 2014-cü ildən sonra tənzimləmələr sərtləşdi, xarici donorların ölkəyə vəsait gətirməsi dayandırıldı. 2020-ci ildən isə QHT sektoru yenidənqurma mərhələsinə daxil olub.”

O, hazırkı şəraitdə QHT-lərin maliyyələşməsi üçün beynəlxalq təcrübədə istifadə olunan beş əsas alternativ mexanizmi sadalayıb:

"Sosial sifarişlər - Azərbaycanda sosial sifarişlər artıq tətbiq olunur və dövlət tərəfindən QHT-lərə xidmət müqabilində maliyyə ayrılması mühüm bir mexanizmdir. Biznes fəaliyyəti - QHT-lərin öz nizamnamə məqsədlərinə uyğun biznes fəaliyyəti göstərməsinin beynəlxalq praktikada geniş yayılıb. Təlimlər keçirmək, ekspert xidmətləri göstərmək – bunların hamısı QHT-lər üçün qanunidir. Sadəcə əldə olunan gəlir yalnız nizamnamə fəaliyyətinə yönəldilməlidir. Vergi güzəştləri - Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin QHT-lər üçün yeni imkanlar yaradıb. Qanunvericilik baza olaraq mövcuddur, amma mexanizmlər tam formalaşmayıb. QHT-lərin bu güzəştlərdən real istifadəsi üçün praktik yanaşmalar hazırlanmalıdır. Kütləvi maliyyələşdirmə – crowdfunding Azərbaycanda tətbiq olunsa da, proses çoxlu texniki və hüquqi çətinliklərlə üzləşir".

Şahin Nasrullayev forumu birgə həll mexanizmləri yaratmağa çağırıb:

“Biznes fəaliyyəti və təlimlərin keçirilməsi zamanı dövlət qurumları bəzən tender tələb edir. QHT-lər tenderdə iştirak etmək üçün ağır sənəd paketləri toplamalıdır. Platforma olaraq bu çətinlikləri araşdırmaq və həll yolları tapmaq vacibdir. QHT-lərin dayanıqlı inkişafı üçün müxtəlif maliyyə mənbələrinin tam işlək vəziyyətə gətirilməsi, həmçinin hüquqi və inzibati maneələrin aradan qaldırılması sektorda yeni dinamizm yarada bilər".

 

Pərvanə Fərhadqızı