Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, təşkilata gələn bir neçə müraciətdən sonra bu mövzuya müraciət etməyi və qabartmağı lazım bildilər. Təşkilatın psixoloqu Samirə İsmayılovanın şantaj mövzusunda yazdığı məqaləni sizə təqdim edirik:

Müasir Dövrdə Şantajın Artan Populyarlığı

Şantaj müasir dövrdə geniş yayılmış bir problem olaraq qalmaqda davam edir və qurbanlar arasında fərq qoyulmadan həm qadınlar, həm də kişilər bu vəziyyətlə üzləşə bilərlər. Şantajçılar, hədəfə aldıqları şəxslərin güvənini qazanaraq, onlardan vacib məlumatları əldə edir. Bu məlumatlar vasitəsilə isə iki məqsədə nail olmağa çalışırlar: asan yolla pul qazanmaq və ya kimisə seks qulu halına gətirmək.

Şantaj qurbanları çox vaxt utanırlar və kimə müraciət edəcəklərini bilmirlər. İnformasiyanın yayılmasından qorxaraq, çox vaxt aylarla və hətta illərlə bu tələdə qalırlar. Bu vəziyyət onları dərin depressiyaya salır və bəzən intihara sürükləyir. Qurban həmişə qurban olaraq qalır. Klassik şantajçı pul qazanmaq məqsədi güdür, seks şantajçısı isə fantaziyalarını qurbanı üzərində ən çirkin formada həyata keçirməyə çalışır. Belə insanlar, psixikası pozulmuş manyaklardır. Seks şantajının qurbanlarına tənə ilə baxmamalıyıq. İdeal münasibətlər deyil, münasibətləri ideallaşdıran iki insan vardır. Əsasən, ilk günlər emosiyalara qapılıb, münasibətdə olduğunuz insana etibar edərək, ona "nude" şəkillər və ya videolar göndərə bilərsiniz. Amma bu şəkillər sonradan sizin qurban olmanıza səbəb ola bilər.

Unutmayın ki, şantaj edənlər çox qorxaq olurlar. Peşəkarlara müraciət etməkdən çəkinməyin. Bu qorxu və utanmaq baryerini aşmaq lazımdır. Sizi emosional, psixoloji və ruhən məhv edən insanlardan azad olun. Kömək istəməkdən utanmayın və çəkinməyin. Çünki biz hər birimiz insanıq.

Qurbanlara Dəstək

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi bu mövzuya xüsusi diqqət yetirir və qurbanlara dəstək olur. Siz də şantajın qurbanı olsanız və ya bu vəziyyətə düşən birini tanıyırsınızsa, təşkilatla əlaqə (+994 50 680 22 22) saxlamaqdan çəkinməyin.

 

Pərvanə Fərhadqızı

QHT.az