Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi əvəzedicisi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan polkovnik Elçin Nəbiyev 10 dekabr 1967-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub.
QHT.az xəbər verir ki, Sovet dövründə MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirən ilk və yeganə azərbaycanlı olan Elçin Nəbiyev könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsində də onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biri olan Elçin Nəbiyev 30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən qəza zamanı şəhid olub.
Ruhu şad olsun!












