Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri təşkil edildi

 

 

 Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının artırılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması və bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir. 

Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində 14 və 15 aprel 2022-ci il tarixlərində bu bölgənin tarixi-memarlıq abidələri haqqında bilgilərini artırmaq üçün 2 saatlıq seminarlar təşkil olunmuşdur. Eyni zamanda bu bölgənin tarixi-memarlıq abidələri haqqında geniş məlumat və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında rolu, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyəti kimi məsələləri özündə əks etdirən 1500 nüsxə bukletin çap edilərək paylanılması təşkil edilmişdir.  Layihənin növbəti mərhələsində “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Ağdam və Şuşa şəhərlərinə səyahətlərin təşkili, səyahətdən sonra bu tarixi abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr çəkdikləri foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla geniş dünya ictimaiyyətini məlumatlandırması və maarifləndirmə kampaniyasını həyata keçirmələri nəzərdə tutulur. Sonda məlumatlandırma-maarifləndirmə koompaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla və qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqdır.

21 may 2022-ci il tarixdə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllimlərindən ibarət 30 nəfərlik nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nmüayəndəliyinin və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan səfər zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Zahidə Məmmədova, Səbinə Hacıyeva və Yeganə Hacıyeva tərəfindən tələbələrə Şuşa şəhərinin işğala qədərki vəziyyəti, memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi memarlıq abidələri, 30 ilə yaxın davam edən işğal ərzində şəhərin məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılmış yenidənqurma və tikinti-quruculuq   fəaliyyəti və Şuşa şəhərinin yeni baş planı barədə ətraflı məlumat verildi. Səfər zamanı tələbələr Şuşada yerləşən tarixi məhəllələr, məscidlər, bulaqlar, xan qızı Natəvanın evi, Mehmandarovların evi, “Realnıy məktəb”, Bülbülün ev muzeyi, Gəncə qapısı və Cıdır düzündə olmuş, foto və videolar çəkmişlər.