Sentyabrın 19-da Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibləri açıqlanıb.
 
QHT.az-ın mövzu ilə bağlı suallarına Dövlət Turizm Agentliyi tərəfindən aydınlıq gətirilib.

 
- Müsabiqə nəticələri niyə gec elan olundu?
Müraciətlərin çoxluğu, ilkin ekspertiza yoxlamasının uzun çəkməsi, qiymətləndirmə komissiyasının sualları və rəyləri əsasında layihələr üzrə sənədlərdə dəqiqləşdirmə işlərinin aparılması, hər bir layihənin turizm sahəsində həyata keçirilən ümumi siyasətə uyğunluğunun dəyərləndirilməsi və sahəyə real töhfə verə bilmə imkanlarının öyrənilməsi səbəbindən müsaqibənin qaliblərinin elan edilməsi nəzərdə tutulan vaxtdan gec baş tutmuşdur.
 
 
- Qalib layihələrə (hər bir layihəyə) nə qədər vəsait ayrılıb və niyə nəticələr elan olunarkən bu məlumatla açıqlanmır?
Müsabiqə çərçivəsində hər bir layihə üzrə ayrılacaq məbləğin maksimal dəyəri 30.000 (otuz min) manat olmuşdur. Bu məbləğ müsabiqənin elanı zamanı bildirilib. Qalib layihələrin büdcələrinə aşağıdakı linkdən nəzər yetirmək olar:
Qalib layihələrin siyahısı
 
- Qalib təşkilat və şəxslər ilə Agentliyin rəhbərliyi və ya əməkdaşları ilə hər hansı maraqlar toqquşması situasiyası ola bilərmi?
Layihələrin qiymətləndirilməsi zamanı hər hansı maraq toqquşmasının qarşısının alınması, şəffaflığın təmin olunmasını təmin etmək məqsədi ilə təqdim olunan layihələrə xüsusi layihə kodları verilmişdir. Layihələrin müəllifləri, layihəni təqdim edən təşkilatların adları layihələrin qiymətləndirilməsi zamanı Komisssiya üzvlərindən tamamilə gizli saxlanılmışdır. Layihə təklifləri Dövlət Turizm Agentliyinin Qrant qaydasına 5 nömrəli əlavəsi əsasında qiymətləndirilmiş və minimal keçid balını toplamış layihələr (çoxdan aza) barədə Qiymətləndirmə Komissiyasının rəyi Agentliyə təqdim olunmuşdur.
 
- Fiziki şəxslərin layihələrini dəstəkləmək ehtiyacı haradan gəlir. Bu layihə müəlliflərin ötən dövr üçün bu sahədə hansı mühüm təcrübə və töhfələri olub?
“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər) müsabiqədə iştirak hüququna malikdirlər.
Layihələrin qiymətləndirilməsi qeyd olunan qaydaların 5 nömrəli əlavəsi (https://bit.ly/3faxY5e) əsasında qiymətləndirilir. Layihə müəlliflərinin ötən dövr ərzində müvafiq sahədə təcrübəsinin olması Agentliyin ekspertiza Komissiyası tərəfindən araşdırılır və bununla bağlı rəy şəffaflığın qorunması məqsədilə Qiymətləndirmə Komissiyasına ümumiləşdirilmiş məlumat kimi təqdim edilir.
 
Qiymətləndirmə Komissiyası ümumi növ layihələri aşağıdakı meyarlar üzrə qiymətləndirir.
1. Layihə təklifinin keyfiyyətli şəkildə hazırlanması,
2. Layihənin icra potensialı,
3. Layihənin sosial-iqtisadi təsirləri.
4. Müsabiqə şərtlərində müəyyən edilən xüsusi tələblərə uyğunluq (əgər varsa).
 
Tədqiqat layihələri üzrə qiymətləndirmə meyarları isə aşağıdakılardır:
1. Tədqiqatın əsaslandırılması və aparılma metodologiyasının qiymətləndirilməsi,
2. Layihənin icra potensialı və büdcəsinin uyğunluğu,
3. Layihənin aydın təsvir edilməsi.
 
 
- Layihələri kimlər qiymətləndirib. Komissiyaya müstəqil ekspertlər daxildirmi?
Müsabiqənin Qiymətləndirmə Komissiyası Agentlik sədrinin əmri ilə təsdiq olunmuş tərkibdə fəaliyyət göstərir. Komissiya 5 üzvdən ibarətdir və ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın 2 üzvü turizm sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən və digər 3 üzvü isə Agentliyin əməkdaşları sırasından təyin edilir. Maraq toqquşmasının qarşısının alınması, eləcə də şəffaflıq naminə komissiya üzvlərinin adları elan olunmur.
 
- Müsabiqə və layihələrin nəticələri ilə bağlı QHT Agentliyinə razılaşma məlumatları göndərilibmi, və QHT agentliyinin mövqeyi necə olub?
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə, gənclər siyasəti sahəsində qrantlarla münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun olaraq Qrant mövzuları ilə əlaqədar müvafiq qurumlardan rəylər alınmışdır.
 
- Növbəti müsabiqələrdə hər hansı dəyişiklər olacaqmı?
Bildiyiniz kimi Dövlət Turizm Agentliyi ilk dəfə Qrant müsabiqəsi elan etmişdir. Müsabiqənin təşkil olunması ilə əlaqədar cari ildə əldə olunan təcrübələr gələcək müsabiqələrdə tətbiq olunacaqdır. Agentlik turizm sahəsində fəaliyyət göstərən və buna maraqlı olan qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirir və növbəti müsabiqələrdə hər bir peşəkar QHT-nin iştirakında maraqlıdır.
 
Qeyd edək ki, “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na əsasən müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün 3 (üç) nəfər üzvdən ibarət tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Apellyasiya Komissiyası yaradılır. Müsabiqə iştirakçıları nəticələr dərc edildiyi tarixdən 10 (on) gün müddətində müsabiqənin nəticəsindən Apellyasiya Komissiyasına şikayət verə bilərlər. Apellyasiya Komissiyası 15 (on beş) gün müddətində şikayətə baxıb qərar qəbul edir.
 
QHT.az