Bütün ömrünü Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafına, eləcə də xalqın rifahının yaxşılaşmasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevlə bağlı mənim də xatirələrim var.

1979-cu ilin may ayının 30-da Ulu Öndər Heydər Əliyev Neftçala rayonuna səfər etmişdi. O zaman mənim 11 yaşım vardı. Biz həmyaşıdlarımızla əlimizdə çiçək dəstələri kəndimizin mərkəzində yerləşən kolxozun inzibati binasının həyətində Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevi qarşılamaq üçün sıra ilə dayanmışdıq. Uzaqdan avtomobilin yaxınlaşdığını gördük. Ulu Öndər avtomobilin arxa pəncərəsini açaraq üzündə təbəssümlü ifadə ilə bütün yol boyu bizə əl yellədi. Zaman keçdi və mən televiziyadan onun gah qayğılı, gah kövrək, gah gərgin vəziyyətini izləsəm də Ulu Öndərin yaddaşımda iz buraxmış simasının təbəssümlü ifadəsi dəyişməz qaldı.

Neftçala Xəzər dənizi ilə həmsərhəddir və Salyan rayonundan başqa digər yaşayış ərazilərinə çıxışı yoxdur. Ümummilli Lider Heydər Əliyevin məhz belə bir regionda zəhmətkeşlərlə görüşməsi, onların yaşayış səviyyəsi ilə maraqlanması, onun ən ucqar əraziləri belə diqqətdə saxlamasının təzahürü idi. Ulu Öndər kəndlərdə, tarlalarda, təsərrüfatlarda, sənaye və istehsal müəssisələrində, bir sözlə iş yerlərində insanlarla görüşür, onların problemləri, qayğıları ilə maraqlanırdı. Onun bu qayğıkeşliyi Azərbaycanın hər yerində olduğu kimi Neftçala rayonunun əhalisinin də qəlbində Ulu Öndərə qarşı dərin və silinməz iz buraxdı. Azərbaycanda bütün sahələrdə baş verən müsbət dəyişikliklər bunu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü müstəqil, inkişaf etmiş bir ölkə qurmağa həsr etmişdir. Bu yazımda Ulu Öndərin xüsusi diqqət ayırdığı və mənim də iştirakçısı olduğum gender sahəsi ilə bağlı təəssüratlarımı bölüşəcəyəm. Ulu Öndər qadınların inkişafını mühüm amil olaraq diqqətdə saxlamış, bütün fəaliyyəti dövründə qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən biri olmuşdur. Heydər Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək mümkündür. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. O, cəmiyyətdə qadınların rolu barədə fikrini belə vurğulayıb: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”

Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Ümummilli Liderin müvafiq sərəncamı ilə qadın problemlərinin dövlət səviyyəsində həlli üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı  baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Azərbaycan qadınlarının bu qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla yanaşı, Heydər Əliyevin tarixə çevrilmiş qadın siyasətinin təntənəsidir.

 Ulu Öndər Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” fərman imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdır. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. 

Daim qadınların cəmiyyətdə inkişafı üçün müsbət mühit yaradan Ümummilli Lider Azərbaycan qadınını belə xarakterizə etmişdir: “Azərbaycan qadını öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır”.

Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olan qadın siyasətinin Prezident İlham Əliyevin də diqqət mərkəzində olması nəticəsində qadınların bütün sahələrdə fəallığı yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün 2006- cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunlar insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşması və bir çox stereotiplərin qırılması üçün mənbədir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil aparılması üçün Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının təzahürüdür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də dövləti təmsil edərək qadınların əlçatanlığını təmin etmək üçün regionlarda Qadın Resurs Mərkəzləri yaratdı. İndi regionlarda, ucqar icmalarda yaşayan qadınların problemlərinin həlli üçün müraciət etməsi onlara məsafə və vaxt baxımından çətinlik yaratmır.

Hər bir fəaliyyət qanunlara əsaslanır. Qəbul edilmiş qərarlar, imzalanmış qanun və sərəncamlar qadınların inkişafı üçün maneələri aradan qaldırır. İndi regionlarda bütün sektorlarda qadınların təmsilçiliyi təmin olunur. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Bu gün  qürurla deyə bilərik ki, istər cəmiyyətdə, istərsə də ailədə Azərbaycan qadının xüsusi yeri və rolu var. Azərbaycan qadını yeni nəsil dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü olaraq zərif çiyinlərində daşıyır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva bütün xüsusiyyətləri ilə Azərbaycan qadınının nümunəsidir. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər və dövlətçiliyimizə sadiqdirlər.  

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin ayrılmaz hissəsi olmuş və Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına yüksək dəyər verilmişdir.

 

Gülqədəm Mirzəzadə,

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri, 

AYB üzvü, Prezident təqaüdçüsü, “Tərəqqi” medalı mükafatçısı