Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ictimai xadim və “Əməkdar Mədəniyyət İşçisi” Umud Mirzəyevlə görüş təşkil olunub. Tədbir UNEC Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilib.
QHT.az xəbər verir ki, görüşdə əvvəlcə BAMF-ın 32 illik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra Umud Mirzəyev karyerasının başlanğıcından bu günə qədər əldə etdiyi uğurlar, qarşıya çıxan çətinliklər və onların öhdəsindən necə gəldiyindən bəhs edib.
UNEC-in Əlavə Təhsil Şöbəsinin müdiri, İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli bu cür görüşlərin tələbələr üçün əhəmiyyətini vurğulayıb. Tədbirin xüsusi qonağı, Albaniya Respublikasının Azərbaycandakı sabiq səfiri Gənci Mucay isə çıxışı zamanı Azərbaycanın gələcəyinin parlaq olduğunu qeyd edib və tələbələri daha böyük uğurlara təşviq edib.
Görüş tələbələrlə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.












