“Vətən” seçimi ilə gedənin yolu açıq olsun!
Mən yanmasan, sən yanmasan…
Dünyanın heç bir dilində vətəndaş sözü bizim dildəki kimi maraqlı səslənmir. Torpağının daşı olmaq üçün əvvəlcə Vətəndə doğulub sonra onun daşına çevrilməlisən. Vətənə hansısa bəhanə ilə xəyanət yox, hansısa yolla xidmət etməkdir, vətəndaşlıq!
Bəlkə də, 44 günlük müharibədə ordu, xalq birliyinin şahidi olmadığı üçün növbəti nəsillər bizə xeyli qibtə edəcək. O şanlı tarixə biz nələri sığdırdıq, ilahi. Sevinc, kədər, birlik, həyəcan, ümid… Nəhayət, bacardıq və şanlı qələbəyə imzamızı atdıq.
Müharibə meydanı tək sıravi əsgər, hərbçi üçün döyüşə çevrilmir, onun hər saniyəsində döyünən minlərlə ürəyin səsi var, həmin səsdə illərin həyəcanı, mənəvi yükü var.
Bizim haqq döyüşümüzdə 30 ilə yaxın bir vaxtda yerin üstündə və altında torpaq sevgisi ilə dolaşan ruhlar vardı, düşmənin belini qırıb, əzəli torpağa qovuşmaq kimi heç vaxt tozlanmayan, tər qalan ümidimiz vardı.
Şəhid adını qazanan oğullarımızın ruhu qarşısında baş əyirik, qalibiyyət üçün Vətən oğullarına borcluyuq.
44 günlük müharibədə arxa cəbhədə özünü həlak edən yüzlərlə insanımız oldu. Düşünürəm ki, fədakarlıq yoluxucu bir şeydir. İnsan ətrafında hamının fədakar, qalibiyyət üçün əlindən gəldiyini etdiyini görəndə, o da çalışır ki, onlardan geri qalmasın. Bu bir az da mənəviyyat, vicdan məsələsidir. Nə yaxşı ki, biz müharibədəki birliyimizi gördük və bütün varlığımız ilə bunu hiss etdik.
Bizim haqq mübarizəmizdə ön cəbhədə döyüşə atılan və ölümü gözə alaraq qələbəni tezləşdirməyə çalışan ordumuzun fədakarlığı danılmaz və sözlə ifadə olunmazdır. Bu fədəkarlığı ölkə rəhbərinin timsalında da gördük. Baş komandanımızın 44 gün ərzində davamlı xarici mediaya üç dildə informasiya, müsahibə verməsi, xarici jurnalistlərin suallarına düzəliş etməsi yerli media və jurnalistlərimiz üçün də örnək və başucalığı oldu. Qələbəmizin və döyüş ruhunun güclənməsi üçün bu nümunəyə hər birimizin ehtiyacı vardı.
Bizi müharibəyə sövq edənlər, işğalçıları dəstəkləyənlər, xalq birliyi, güclü ordunun qələbə xəbərləri və ölkənin siyasi iradəsi qarşısında susmuşdular. Fəxr olunası məqam odur ki, müharibə öncəsi ölkədən kənarda “Azərbaycan “adını eşidənlər təkrar-təkrar ölkənin yerini, coğrafi mövqeyini soruşurdular. Tanıyanlar belə tanımaq istəmirdilər. Müharibə sonrası isə qələbəmiz həm xarici medianı, həm də siyasi arenadakıları Azərbaycan haqqında daha ədalətlə, ehtiyyatla danışmağa sövq etdi.
İnformasiya müharibəsində medianın diqqətli olması və hisslərə qapanmadan doğru və rəsmi məlumatları yayması kimi borcu vardı. Müharibə həm də bizə Birinci Qarabağ Müharibəsində yarımçıq qalmış hərbi jurnalistika sahəsində ixtisaslaşmaya rəvac verdi.
Döyüşə can atan və peşəsini konflikt jurnalisti kimi davam etdirməyə çalışan həmkarlarımın canfəşanlığı sevindirirdi. Axı biz Çingiz Mustafayev, Salatın Əsgərova kimi müharibə jurnalistlərinin şəhidliyinə heyran olaraq bu peşəyə gəlmişdik. Hərbçi, əsgər əmrə tabedir, onun geriyə dönmək kimi yolu yoxdur. Jurnalist isə təlimatlansa belə, onun ön cəbhəyə getməmək kimi seçimi var. Amma hamı “Vətən” seçimini etdi.
***
Bir dəfə beynəlxalq tədbirdə əcnəbi təlimçi işğalçı barədə nifrət nitqindən istifadə olunmasını, düşmən üçün kobud sözlərin deyilməsinin peşəkarlıqdan kənar hesab etdiyini bildirdi. Təlimçiyə ünvanladığım “sizin evinizi, ata yurdunuzu işğal etməklə yetinməyib, talan etsəydilər, siz peşəkar jurnalist kimi necə davranardınız” sualım cavabsız qalmışdı. Həmin təlimçi ədalətdən dəm vuran avropalıdan sadəcə biri idi. Əzilənə hər şeyi rəva bilən, özünə gələndə bağıran, başqalarının mənəvi dəyərini eqocasına tapdalayanlar.
***
Birinci Qarabağ müharibəsinin şəhid jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın jurnalist oğlu Ceyhun Əsgərov: “Anam şəhidlik zirvəsinə ucalmaqla, tək mənim anam olmaqdan çıxdı, minlərlərlə insanın qəlbində özünə taxt qurdu. Anam həmişə özünü cəbhə bölgəsinə atmağa tələsirdi. Qadın olduğu üçün qaynar nöqtələrə getməməsi üçün təkid edənləri vardı. Amma o “məsələ Vətəndirsə, bir fərdin ya fərdlərin onun üçün fəda olması vacib deyil, əsas odur Vətən sağ olsun” demişdi. Anam düz demişdi. 44 günlük müharibədəki qalibiyyətimiz əvvəlki qəhrəmanların qoyduğu vətənpərvərlik irsindən qaynaqlanır.”***
İkinci Qarabağ müharibəsinin şəhid tv operatoru, reportyoru Sirac Abışovun tv rejissor olan qardaşı Şirzad Səmədov: “Siracla həmişə maraqla mübahisə edirdik ki, görəsən ata yurdumuz Qubadlıda kim birinci olacaq. Elə oldu ki, Sirac işlə bağlı Qubadlıya ezam olundu, mənə dedi ki, “gördün, səndən qabaq mən getdim”. Sirac operator idi, gördüyünü çəkirdi və bu ona çox ağır idi. Qubadlıya gələndə isə demişdi: “Görmək istədiklərimi çəkirəm, amma təəssüf ki, heç nə görüləsi halda deyil. Erməni hər yeri xarabalığa çevirib.” Haşiyə: Mənim atam da Qubadlının patriot sakinlərindən idi. Qubadlının işğaldan azad olunması sevincini bizimlə birgə yaşadı, amma torpağını ziyarət edə bilmədi, 2021-ci ilin mayında dünyasını dəyişdi. O, 30 ilə yaxın işğalda qalan torpağına baş çəkməyən yüzlərlə insandan biri idi. Düşmən insanların gəncliyini, uşaqlığını, həyatını oğurladığı üçün ona daim lənət oxumaqdan başqa əldən heç nə gəlmir. Amma 30 ildə haqsızlığa susan əcnəbilər hələ bizdən səbr də tələb edir. Nə isə...
Şəhid həmkarım, Aztv-nin operatoru Sirac Abışovla ölümündən əvvəl virtual dərdləşmələrimiz olurdu. Siracgil Qubadlının Dondarlı kəndindən idi. Siracın müharibədə qaynar nöqtələrdən çəkiliş etdiyini, doğulduğu yurduna getdiyini öyrənmişdim. Atamın ölümündən sonra onun qəbrinin üstünə heç olmazsa, Qubadlı torpağı səpmək istəyirdim(hələ də arzusundayam), bu ona son vəfa borcum idi. Atamın cümə axşamı mərasimi bitdikdən sonra Siraca yazacaqdım ki, əziz dost, Qubadlıdan torpaq gətirsən, sənə duaçı olaram. Həmin gün gec olduğundan yazmadım. Səhər o dəhşətli xəbər sosial şəbəkələri bürümüşdü. Cümə günü səhər saatlarında həmkarlarım Sirac və Məhərrəm düşmən minasına tuş gəlib şəhid olmuşdular. Çoxu kimi üzüntüm sonsuz idi. Gənc yaşlarında, bir ailənin oğulu, körpə balaların atası, kiminsə qardaşı, dostlarının sevimlisi müharabə boyu dayanmadan cəsarətlə çalışan oğulların cansız bədənlərini partlayış sonrası videolarda izləməyin sözlə ifadəsi yox idi.
Sirac atamdan ( 5 may 2021) tam bir ay sonra, bir gün tez (4 iyun 2021) olmaqla bu dünyadan getmişdi. İki Qubadlı sakini torpağında yenidən yaşamaq xoşbəxtliyini dada bilmədi.
Yaş fərqinə baxmayaraq, itkinin acısını bilənlər anlayar, bunun üçün şeiriyyətə ehtiyac yoxdur. Qan bağı olmadan sevilən və hörmət mərtəbəsində dayananlar, Vətən üçün ürəyi atanlar hər zaman ehtiramla anılır və anılacaq. Belə insanlar heç vaxt ölmürlər. Çünki insanlar həqiqətən də, unudulanda ölürlər. Yəqin elə insanın həyatda yaxşı yaşamaq qayəsi hörmətlə anılmaqdır. Heç vaxt unudulmamaqdır. Bizim məmləkətdə qəhrəmanlar unudulmadıqca, qəhrəmanlar doğulacaq. Hər zaman, daim!
Qeyd: Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” mövzusunda jurnalistlər üçün elan etdiyi müsabiqəyə təqdim olunur.
Raminə Eyvazqızı












