"Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyi inklüziv cəmiyyət yaratmaq və işarət dilini aktuallaşdırmaq yönündə tədbirlər həyata keçirdi. Əslində 2025-ci il cənab Prezidentin sərəncamı ilə yadda qaldı. Belə ki, 25.04.2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işarət dili artıq rəsmi olaraq tanındı, həmçinin televiziyalarda informasiya xarakterli məlumatların işarət dilinə tərcüməsi təmin edildi". 

QHT.az xəbər verir ki, bu sözləri "Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Cənab Prezidentin qərarını əsas götürərək ilk dəfə olaraq nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edilərək orada yaradılan yeniliklərlə tanış oldular, həmçinin Qarabağ Universitetində işarət dili təlimində iştirak etdilər. Bu təlim, Qarabağda ilk işarət dili təlimi idi və universitetin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılandı:

"Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə əhalinin təhlükəsizliyi ilə bağlı hazırlanan sosial çarxlar təşkilatımız tərəfindən işarət dilinə tərcümə olunmağa başladı. Bundan əlavə Qırğızıstan Respublikasında təşkil olunan Gənc İntellektualların Beynəlxalq Forumunda ölkəmizi layiqincə təmsil etdik və Beynəlxalq sertifikatlara layiq görüldük. 2026-cı il üçün əsasən nitq və eşitmə qabiliyyəti məhdud uşaqlar və gənclər üçün maarifləndirici və inklüziv tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Maariflənmə uşaq yaşlarından başlayır və bu tip uşaqların maariflənməsi və savadlı olması çox vacibdir. Qeyd etmək istərdim ki, ilin sonlarına yaxın Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsində də qalib olduq. Bu layihə azyaşlı nitq və eşitmə qabiliyyəti məhdud uşaqların maariflənməsinə çox müsbət təsir göstərəcək. İnanıram ki, 2026-ci il də geridə qoyduğumuz illər kimi məhsuldar olacaq".