Ümumdünya Səhiyyə Təşkilatı təcili yardım həkimlərinin peşəkarlığının artırılmasına dəstək məqsədilə xəstəxanayaqədər travma həyat dəstəyi mövzusunda təlim təşkil edib.

QHT.az xəbər verir ki, ÜST-nin təcili yardım üzrə ixtisaslaşmış mütəxəssləri 13 nəfərlik həkim qrupu üçün müxtəlif simulyasiyaların da daxil olduğu təlim keçib. TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzində baş tutan təlimin məqsədi iştirakçıların komanda işi, texniki və təlimçi bacarıqlarını gücləndirmək və növbəti təlimlər üçün ixtisaslaşmış mütəxəssislər yetişdirməkdir.

Qeyd edək ki, təlim ÜST-nin “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində təşkil olunub. Layihə Ümümdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə həyata keçirilir.

 

Pərvanə Fərhadqızı