Tarix boyu hər hansı bir xalqı məhv etməkdən ötrü onun dilinin əlindən alınması danılmaz faktdır. Dilin məhvi həmin dildə danışan insanların tarixinin, çoxəsrlik yaddaşının silinməsi deməkdir. Zaman- zaman müxtəlif xalqlar belə amansız qərarlarla üzləşmiş, özlərində güc tapmağı bacaranlar qanları, canları hesabına doğma dillərini qoruyub saxlamışlar.  

Belə bir amansız qərarla bu günlərdə Korsika xalqı da üzləşib. Belə ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Dil məsələsi ilə yanaşı məhkəmə Korsika xalqının mövcudluğunu müəyyən edən yerli qaydaların da anti-konstitusion olmasını əsas tutaraq "Korsika xalqı" ifadəsinin mövcud olmadığını bildirib. 

Seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron öz çıxışında qeyd edib ki, "Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir". Makronun bu çıxışı regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyub. Beləliklə, təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzə qalıb, bu dili ana dili hesab edənlərin beynəlxalq hüququ pozulub, Fransa hökuməti xalqların azadlıq və ədalətlə bağlı arzularına sədd çəkərək növbəti cinayətini törədib. Millətçi deputatlar dövlət universitetlərində fransız dili ilə yanaşı ingilis dilinin də tədris olunduğunu, korsika dilinin isə qadağan edilməsini vurğulayaraq bu məsələyə yenidən baxılmasını tələb edirlər.

Bu gün Korsikada baş verən hadisələr dünya ictimaiyyətinin diqqətindən kənarda qalmır. Müasir dünyanın gözü qarşısında Korsikanın informasiya blokadasına alınması, anti-terror əməliyyatlar adı altında adanın azadlıq mübarizəsinə qarşı Fransa hökumətinin addımları onun repressiya siyasətinin "uğurla" gerçəkləşməsinə səbəb olan amillərdir.

 

“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin Sədri, Vəkillər Kollegiyasının üzvü, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Nəbi oğlu Əliyev