Eleanor Crook Fondu tərəfindən dəstəklənən “Operation End Starvation” (OES) təşəbbüsü böhran bölgələrində ağır qidalanma çatışmazlığından əziyyət çəkən uşaqlar üçün hazır terapevtik qidaların (RUTF) istehsalını və çatdırılmasını sürətləndirməyi hədəfləyir. Layihənin bu il fəaliyyətə başlaması gözlənilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Eleanor Crook Fondunun vitse-prezidenti Məggi Doxerti ABŞ Qlobal Liderlik Koalisiyasının 2026-cı il Təsir Forumunda çıxışı zamanı bildirib ki, təşəbbüsün əsas yeniliyi dövlət və özəl sektor arasında qurulan tərəfdaşlıqdır.

RUTF məhsulları ağır qidalanma çatışmazlığının müalicəsində istifadə olunur və xüsusilə humanitar böhran bölgələrində uşaqların sağlamlığının bərpasında mühüm rol oynayır.

“Operation End Starvation” çərçivəsində bu qidaların istehsalının artırılması, tədarük zəncirinin gücləndirilməsi və ehtiyac olan bölgələrə daha sürətli çatdırılması nəzərdə tutulur. Təşəbbüsün qlobal aclıqla mübarizəyə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.