İnkişaf layihələrinə dövlət maliyyəsinin azalması təsir investorlarını yeni bazarlara və maliyyələşdirmə modellərinə yönəldir. Lakin özəl kapitalın yaranmış böyük maliyyə boşluğunu tam doldurmasının mümkün olmadığı bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq yardımın azalmasından sonra Avropa, Asiya, Körfəz ölkələri, xeyriyyə fondları və təsir investisiyaları alternativ maliyyə mənbələri kimi ön plana çıxıb. ABŞ-ın Impact Investing Alliance təşkilatının prezidenti Fran Seegull bildirib ki, USAID-in fəaliyyətinin dayandırılması nəticəsində yaranan maliyyə boşluğu yalnız genişmiqyaslı və koordinasiyalı maliyyə mexanizmləri ilə qismən qarşılana bilər.

Global Impact Investing Network-in 368 investor arasında keçirdiyi sorğuya görə, 2024-cü ilin sonunda 13,1 trilyon dollarlıq ümumi investisiyanın 448,2 milyard dolları təsir investisiyalarına yönəlib. Bu, ümumi investisiyaların cəmi 3 faizini təşkil edir.

Təsir investisiyaları maliyyə gəliri ilə yanaşı sosial və ekoloji problemlərin həllinə yönəlir. Ekspertlər hesab edirlər ki, bu investisiyaların rolu artsa da, dövlət və beynəlxalq inkişaf maliyyəsini tam əvəz etmək üçün mövcud kapital kifayət etmir.