“Yuvenal ədliyyə proqramı” çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında riskli davranışa meyillilik və qanun pozuntusu, cinayət əməli törədilməsi hallarının, keyslərin müzakirəsi ilə bağlı ümumi vəziyyətin qiymətləndirilməsi və müvafiq tədbir strategiyalarının dəyərləndirilməsi üçün Koordinasiya Şurasının ilk görüşü keçirilib.
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyindən bildiriblər ki, Koordinasiya Şurasının iclasında müvafiq nazirliklərin, komitənin, uşaq problemləri sahəsində fəaliyyət göstərən yerli icra qurumları və agentliklərin nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq hüquqları aylığı” ərəfəsində uşaqların hüquqlarının qorunmasına cəmiyyətin diqqətinin artırılması, son dövrlərdə uşaqlara qarşı zorakılıq hallarının qiymətləndirilməsi, cinayət törətmiş cəzaçəkən yetkinlik yaşına çatmayanların reabilitasiya və reinteqrasiyası istiqamətində fəaliyyətin müzakirəsi olub.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova birgə əməkdaşlıq şəraitində görülən işlər, cəzaçəkmə müəssisəsində keçirilən tədbirlərin nəticələri, ədliyyə orqanlarında əldə edilən uğurlar haqqında məlumat verib, gələcəkdə proqramın daha səmərəli inkişafı məqsədilə təkliflərini səsləndirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Nigar Ağayeva yetkinlik yaşına çatmayanlarla işləyən polis əməkdaşları, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün tədbirlərin keçirildiyini, bu mövzuda xarici təcrübədən yararlanıldığını vurğulayıb. Bildirilib ki, Penitensiar Xidmət müəssisələrində olan uşaqlarla bağlı 916 - Çağrı Mərkəzinə edilən müraciətlərlə əlaqədar ətraflı araşdırma aparılır, yetkinlik yaşına çatmayanlar və valideyn görüşlərinin təşkilinə dəstək göstərilir.
Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Elmir Valehli Agentliyin Ağcabədi, Şirvan və Gəncə şəhərlərində cinayət törətmiş, baxımsız, çətin tərbiyə olunan uşaqlarla bağlı yeni fəaliyyəti haqqında məlumat verib. O, əməkdaşlığa dair birgə fəaliyyətin qurulmasını müsbət dəyərləndirərək, bundan sonra sosial işçi - kadrların təkmilləşdirilməsi istiqamətində təlimlərin təşkili haqqında təklif verib.
Azərbaycan Prokurorluğunun nümayəndəsi Vüsal Əliyev çıxışında prokurorluq orqanlarında mövzuya dair birgə əməkdaşlığın yaradılması, yetkinlik yaşına çatmayanların işlərinə dair mövcud problemlərin birgə həllində mövcud problemlərin aradan qaldırılmasına dair təkliflə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsinin nümayəndəsi çıxışında Komitənin bu sahədə fəaliyyətindən danışıb, qurumun regional mərkəzləri ilə sıx əməkdaşlığın riskli davranışa meyilli uşaqlarla işin birgə aparılmasının layihənin icrasına müsbət təsir edəcəyini bildirib.
Qeyd edək ki, cari ildən etibarən “Yuvenal ədliyyə proqramı” çərçivəsində Ədliyyə Nazirliyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi uşaq cəzaçəkmə müəssisəsində yaşayan yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili və sosial-psixoloji durumlarının yaxşılaşdırılması, Azərbaycanda uşaqların cəzaçəkmə müəssisəsinə düşməsinin qarşısının alınması məqsədilə sosial-psixoloji fəaliyyəti genişləndirmək üçün UNICEF-in Azərbaycan nümayəndəliyinin, “Pasha Holding” və “Pasha Travel” şirkətlərinin dəstəyi ilə xüsusi təlimlər təşkil edir. Layihə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.












