Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 15 ildən artıq müddətdir insan alveri ilə mübarizədə fəal şəkildə fəaliyyət göstərir və bu sahədə AR Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi ilə sıx əməkdaşlıq edir.

QHT.az xəbər verir ki, bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib. QHT sədrindən təşkilatın insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlər barədə ətraflı məlumat aldıq: "Təşkilat Azərbaycan Respublikasının Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi insan alverinə qarşı mübarizədə dövlətə dəstək olmaq, eyni zamanda maarifləndirmə təlim və seminarlar təşkil etmək, qurbanlara sosial, hüquqi və psixoloji dəstək göstərməkdir. Zenfira xanım vurğuladı ki, insan alveri qurbanları üçün "Etimad" telefon xətti fəaliyyət göstərir və bu xətt vasitəsi ilə qurbanlar təşkilatın xidmətlərindən yararlana bilir".

Azərbaycanda insan alveri problemi, əsasən əməyin istismarı və fahişəliyə cəlb olunma növlərində təzahür edir. Zenfira xanımın sözlərinə görə, bu latent bir cinayətdir və qurbanların identifikasiyası ən böyük çətinlikdir. Bununla belə, təşkilatın sığınacaqdan çıxmış qurbanların reabilitasiya prosesinə dəstək göstərdiyini və onların işlə təmin olunmasında köməklik etdiyini bildirdi. Gələcəkdə isə insan alverinə qarşı mübarizə istiqamətində yeni maarifləndirmə proqramları və preventiv tədbirlər həyata keçirmək planlaşdırılır.

 

Pərvanə Fərhadqızı