Vətəndaşların Sosial Rifahı Naminə (VSRN) İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli açıqlamasında qurumun 20 illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, o bildirib ki, təşkilatın yaranmasından etibarən əsas məqsəd dövlətə, cəmiyyətə və Azərbaycan vətəndaşına fayda vermək olub:
“Yaşım çox olmasa da, bu təşkilat yarandığı gündən fəaliyyətinə töhfə verməyə çalışmışam. Enişli-yoxuşlu günlərimiz olsa da, amalımız dəyişməyib”, – deyə Rəhimli qeyd edib.
Sədr müavini 20 illik fəaliyyətin əsas məqamlarını da diqqətə çatdırıb:
-
BMT nümayəndələrinin, o cümlədən Ban Ki Moonun müavininin Azərbaycana səfəri zamanı VSRN İctimai Birliyi yeganə QHT olaraq ofisi və yaratdığı mərkəzləri ziyarət edib;
-
Qaçqın və məcburi köçkünlər üçün yaradılan Təlim-İstehsalat Mərkəzləri beynəlxalq qurumlar tərəfindən nümunə kimi təqdim olunub;
-
QHT kimi ilk illərdən Qərbi Azərbaycan mövzusu üzrə sərgilər, filmlər, tarixi sənədlərin toplanması və ictimaiyyətə təqdimatı həyata keçirilib, məsələ BMT, ATƏT və digər beynəlxalq qurumlarda gündəmə gətirilib;
-
Respublikanın müxtəlif bölgələrində sosial problemlərlə üzləşən ailələrə dəstək göstərilib.
Nadimə Rəhimli bildirib ki, təşkilatın fəaliyyəti bununla yekunlaşmır:
“Bu siyahını çox uzatmaq olar, amma yenə də yekunlaşdırmaq olmaz. Çünki vətəndaş cəmiyyəti nümayəndəsi olaraq bundan sonra da daha geniş miqyasda faydalı olmağa çalışacağıq. Fəaliyyətimizə dəstək verən hər kəsə təşəkkür edirik”.
Pərvanə Fərhadqızı












