Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdış prosesində qeyri-hökumət təşkilatlarının iştirakı mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, qayıdış öncəsi icmalarla görüşlərin, dəyirmi masaların təşkili, ehtiyacların əvvəlcədən müəyyən olunması prioritet məsələlərdəndir:
“İcmaların səfərbər olunması keçmiş məcburi köçkünlərin, xüsusilə də qadınların və uşaqların fəallaşmasına, icma problemlərinin həllində yaxından iştirakına gətirib çıxaracaq. Bu gün Böyük Qayıdış proqramında iştirak edən yaşlı nəsil bir-birini tanıyır, amma uşaq və gənclər müxtəlif bölgələrdə doğulub boya-başa çatıb. Onlar üçün səfərbərlik təlimlərinə ciddi ehtiyac var və bunu icma sahəsində təcrübəli QHT-lər həyata keçirə bilər”, – deyə o qeyd edib.
Ş. Dadaşova həmçinin vurğulayıb ki, QHT-lər Böyük Qayıdış çərçivəsində müxtəlif istiqamətlərdə aktiv rol oynaya bilərlər:
-
Sağlamlıq və təhlükəsizlik: Mina təhlükəsinin mövcudluğu və dağlıq ərazilərdə böyüməyən uşaqlar üçün adaptasiya işləri;
-
Məşğulluq: Peşə təlimlərinin təşkili və iş imkanlarının yaradılmasında dəstək;
-
Psixoloji dəstək: Müharibə dövründə stres və travma yaşamış ailələr üçün psixoloji yardım proqramlarının icrası;
-
Ekologiya: Ağacəkmə aksiyalarının təşkili və ekoloji təlimlərin keçirilməsi;
-
Sosial problemlərin həlli: Maarifləndirmə və qabaqlayıcı tədbirlərin təşkili.
“Bütün bu istiqamətlərdə QHT-lərin fəal iştirakı Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə mühüm töhfə verə bilər”, – deyə Şərqiyyə Dadaşova əlavə edib.
Pərvanə Fərhadqızı












