“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev QHT.az -a özəl açıqlamasında 2024-cü ilin sonunda idarə heyətinin üzvləri ilə birgə 2025-ci il üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini açıqlayıb.

İki əsas istiqamətdə fəaliyyət göstərəcəklərini vurğulayan Azər Əliyev qeyd edib ki, birinci istiqamət gənclərin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib. Bu çərçivədə sağlam həyat tərzinin təbliği, narkotik maddələrdən uzaq durmaları üçün maarifləndirmə tədbirləri, idman turnirləri, bədii-əyləncəli və mədəni proqramlar təşkil ediləcək. İkinci istiqamət isə vətənpərvərlik mövzusunu əhatə edir. Şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər vasitəsilə onların qəhrəmanlığı gənclərə çatdırılacaq. Hər iki istiqamət üzrə Qazaxın ucqar kəndlərində maarifləndirmə tədbirləri də nəzərdə tutulub.

Azər Əliyev həmçinin bildirib ki, bəzi layihələr daxili maliyyə hesabına həyata keçiriləcək, digərləri isə qrant müsabiqələri vasitəsilə daha geniş miqyasda icra olunacaq.

Birlik, gənclərin inkişafına və vətənpərvərlik dəyərlərinin təbliğinə töhfə verməyi qarşısına məqsəd qoyub.

 

Pərvanə Fərhadqızı