2 qızıl, 1 gümüş, 2 bürünc medal
Taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda yeddi gün davam edən (24-30 dekabr) yarışlarda üç yaş qrupu üzrə respublikanın şəhər və rayonlarını təmsil edən 78 klubdan 959 idmançı qüvvəsini sınayıb.
Respublika birinciliyinə inamla qatılan Masallı taekvondoçuları nəticə etibarilə uğurlu göstərici sərgiləyiblər. Belə ki, yeniyetmələr arasında Ədiş Cəlilov (49 kq) birinci, Şəhanə Baxşıyeva (55 kq) ikinci, Zəhra Hüseynova (33 kq) üçüncü yerə sahib olub. Böyüklər arasında isə Rahid Vəliyev (58 kq) çempionatın qızıl, Sevda Əzizova (67 kq) isə bürünc medalını qazanıb.
Qeyd edək ki, idmançıları yarışlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayev hazırlayıb.
Akif AĞAYEV












