Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam Gündüz Abbasovun anım günüdür.
QHT.az xəbər verir ki, romantik obrazların ifaçısı kimi tanınınan aktyor 1930-cu ildə Bakının Dağlı məhəlləsində anadan olub. 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunub. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışıb.
Kinoda "Onun böyük ürəyi” və Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olmuşdu. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.
O həm də peşəkar idmançı idi. Əvvəlcə respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlara da qatılıb. Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat edib.
Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı












