Apple bu gün, sentyabrın 9-da keçiriləcək xüsusi tədbirdə yeni iPhone modellərini təqdim edəcək. Təqdimatın əsas gözləntilərindən biri şirkətin tarixində ilk qatlanan iPhone modelinin nümayiş etdirilməsidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, “Apple Event” Kaliforniya vaxtı ilə saat 10:00-da başlayacaq. Şirkət tədbirin canlı yayımını rəsmi internet saytı, Apple TV və YouTube üzərindən təqdim edəcəyini açıqlayıb.
Qatlanan iPhone-un Apple-ın smartfon bazarında yeni mərhələyə keçidini nümayiş etdirəcəyi gözlənilir. Şirkət Samsung, Motorola və Google kimi rəqiblərindən fərqli olaraq qatlanan telefon bazarına daxil olmaqda daha ehtiyatlı davranıb.
Məlumata görə, yeni cihazın qiymətinin əvvəlki iPhone modellərindən xeyli yüksək olması mümkündür. Bununla yanaşı, yeni iPhone seriyasında “Pro” və “Pro Max” versiyalarının da təqdim olunacağı gözlənilir. (AP News)
Apple-ın yeni baş direktoru Con Ternusun rəhbərliyi altında keçiriləcək tədbir şirkətin yeni dövrünün başlanğıcı kimi də qiymətləndirilir. Ternus sentyabrın 1-də Tim Kuku baş direktor vəzifəsində əvəz edib.












