Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) bu il fəaliyyətində mühüm mərhələyə qədəm qoyub. Bankın 10 illik tarixində ilk rəhbərlik dəyişikliyi baş verib və Zou Jiayi prezident vəzifəsini öz üzərinə götürüb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Zou Jiayinin rəhbərliyə gəlməsi bankın gələcək inkişafı baxımından mühüm hadisə hesab olunur. Hazırda AIIB 40 üzv ölkədə 360-dan çox layihəyə sərmayə yatırıb və bankın investisiyalarının ümumi həcmi təxminən 70 milyard dollara çatıb.
Zou Jiayi qarşısında əsas vəzifələrdən biri bankın indiyədək əldə etdiyi sabit inkişaf tempini qorumaqdır. Eyni zamanda, nisbətən yeni yaradılmış qurumu daha yetkin və güclü çoxtərəfli inkişaf bankına çevirmək də onun əsas prioritetlərindən biri ola bilər.
AIIB Asiya və digər regionlarda infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bankın yeni prezidentinin dövründə qurumun investisiya fəaliyyətinin genişləndirilməsi və beynəlxalq inkişaf layihələrində rolunun artırılması gözlənilir.
Zou Jiayinin rəhbərliyi həmçinin AIIB-nin növbəti inkişaf mərhələsinin istiqamətini müəyyənləşdirəcək. Mütəxəssislər onun bankın mövcud uğurlarını davam etdirərək qurumu qlobal inkişaf maliyyələşməsində daha güclü mövqeyə gətirə biləcəyini düşünürlər.












