Dünən Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) Ümumi Yığıncağı keçirilib. İH sədri Şəmil Sadiq  ANAİB-in  2025–2026-cı illəri əhatə edən fəaliyyəti  barədə ətraflı hesabat verdi. 32 nəşriyyatı birləşdirən ANAİB-in son iki illik fəaliyyəti ölkəmizdə kitab sənayesinin və nəşriyyat işinin inkişafı baxımından son dərəcə məhsuldar və uğurlu olub.

Bu dövr ərzində Assosiasiya tərəfindən ümumilikdə 15 yerli və 7 təşkil olunub, sərgi, həmçinin beynəlxalq miqyaslı tədbirlər gerçəkləşdirilib, 5 əhəmiyyətli sosial layihə, o cümlədən  V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu", IV Uşaq Kitab Festivalı, "Zəfərin uşaqları ilə Oxu Marafonu   uğurla baş tutub. Eyni zamanda, qurumun üzvü olan nəşriyyatların və rəhbərliyin nümayəndələri Boqota, Malayziya, Doha, Şarja, Türküstan və TÜYAP kimi nüfuzlu beynəlxalq kitab sərgilərində və konqreslərdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil ediblər.

Ümumilikdə son iki ildə  ANAİB təxminən 250 mindən çox, son 6 ildə isə milyona yaxın insanı tədbirlərinə, layihələrinə, təşəbbüslərinə cəlb edə bilib. ANAİB yenidən kitab sərgilərini mədəni, intellektual mühtimizin əsas ənənəsinə çevirə bilib. 

Ümumi Yığıncaqda tanınmış ziyalılar, ictimai xadimlər Elçin Şıxlı, Qulu Məhərrəmli,  Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyi təmsilçisi Vasif Qurbanzadə iştirak edərək, kitab sənayesinin, oxu mədəniyyətinin inkişafı üçün öz tövsiyyələrini veriblər.

Son iki ildə dövlət qeydiyyatından rəsmi keçdikdən etibarən əhəmiyyətli institusional inkişafa nail olan ANAİB bu gün Azərbaycanda ən fəal sahəvi peşəkar birliyə çevirilib. Dinamik daxili mühiti ilə seçilən təşkilatın oktyabrın 15-də keçirilən Ümumi Yığıncağında bu yüksək fəallıq bir daha özünü büruzə verdi,  idarəetmə orqanlarının, o cümlədən İdarə Heyəti sədrinin, müavinlərinin və üzvlərinin seçilməsi şəffaf şəkildə, anketlər vasitəsilə gizli səsvermə yolu ilə həyata keçirildi. Səsvermənin nəticəsinə əsasən, Şəmil Sadi̇qə bir daha yüksək etimad göstərildi və o, yenidən İH sədri seçilib.

Yeni dövrdə ona fəaliyyətində iki müavin və 4 İH üzvü kömək edəcək. Yeni İH üzvlərinə İH sədri və müavinlərinə, bütün ANAİB-in fədakar üzvlərinə yeni nailiyyətlər və uğurlar arzu edirəm.

Növbəti mərhələdə bu uğurlu komanda ilə birlikdə addımlayaraq ANAİB-in inkişafına İdarə Heyəti sədrinin müşaviri kimi öz töhfəmi verəcəyəm. Əminəm ki, qarşıdakı illərdə də təşkilat yerli nəşriyyat sektorunun güclənməsi, yeni beynəlxalq əməkdaşlıq körpülərinin qurulması, eləcə də "Kitab və Təhsil Forumu" kimi mühüm layihələrin icrası istiqamətində daha böyük nailiyyətlərə imza atacaq.