"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid ailələrinin yaşadığı övlad həsrətindən, qazilərin Vətən uğrunda göstərdiyi fədakarlıqdan, onların keçdiyi ağır sınaqlardan və Vətən sevgisi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Hər bir insanın Allah tərəfindən bir sınağı var. Bu da bizim sınağımızdır. Bir şəhid anası, bir qazinin, imtahanda olan insanın yanında dayanarkən eyni amalın, eyni Vətən sevgisinin və eyni ağrının izlərini görür. Birimiz övlad həsrəti ilə yaşayırıq, birimiz isə Vətən uğrunda sağlamlığını fəda etmiş qəhrəmanlarımızın mübarizəsinə şahidlik edirik.
Bizim sınağımız ağırdır, amma qürurumuz daha böyükdür. Çünki bu Vətən uğrunda verilən qurbanlar heç vaxt unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Sizlə fəxr edirik!"












