15 oktyabr 2026-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclas 2026-cı ilin son 6 ayı ərzində Şuranın fəaliyyəti haqqında yekunların, həmçinin 2026-cı ilin sonuncu rübü ilə əlaqədar plan üzrə nəzərdə tutulan işlərin müzakirəsinə həsr edilib.
İclası giriş sözü ilə İctimai Şuranın sədri Müqabil Bayramov açaraq gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb, şura üzvlərinə təklif və fikirlərini bildirmək üçün söz verib. Şuranın sədr müavini Amin Məmmədov görülmüş işlərlə bağlı ümumi məlumatla çıxış edib, həmçinin 2026-cı ilin sonuncu rübü və 2027-ci ildə icrası planlaşdırılan fəaliyyətlərlə bağlı təkliflər irəli sürüb.
Şura üzvləri İmran Əbdülov, Zürab İsrafilov, Ülvi Məmmədov, Yusif Poladov və Elşad Əsgərov ətraf mühitlə bağlı cəmiyyətdə narahatlıq doğuran məsələlərlə əlaqədar məlumatları dilə gətiriblər, həmçinin təmsil etdikləri təşkilatlar tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdikləri monitorinqlərin nəticələri ilə bağlı məlumat veriblər.
Eyni zamanda, yaxın vaxtlarda nazirliyin müxtəlif qurumları ilə görüşlərin keçirilməsi, aidiyyəti məsələlərin nazirliyin tabeli qurumlarının rəhbərlərinin diqqətinə çatdırılması və onlarla qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edilməsi təklif edilib. İctimai Şura üzvləri növbəti görüşün ilin sonunda keçirilməsi və 2026-cı ilin yekunları ilə bağlı hesabat hazırlanması barədə ümumi razılığa gəliblər.












