İdmançılar arasında əzələ inkişafını dəstəkləyən qida əlavəsi kimi tanınan kreatinin beyinə də müsbət təsirləri ola bilər. İspaniyalı alimlərin siçanlar üzərində apardığı yeni araşdırma bu maddənin bağırsaq iltihabı ilə əlaqəli beyin zədələnmələrindən qorunmağa kömək edə biləcəyini göstərib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Brain, Behavior, and Immunity elmi jurnalında dərc olunan tədqiqatın nəticələri hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Bununla belə, tədqiqatçılar kreatinin bağırsaq və beyin iltihabı ilə əlaqəli xəstəliklərin müalicəsində potensial rolunu araşdırmağın vacib olduğunu bildirirlər.
Kreatinin beyinə təsiri araşdırılıb
İspaniyanın Sevilya Universitetinin alimləri Alejandro Ruiz-Calero və Maria Ortego-Dominguez rəhbərliyi ilə apardıqları araşdırmada kreatin əlavəsinin iltihab nəticəsində beyində yaranan bəzi dəyişikliklərə təsiri öyrənilib.
Tədqiqatçılara görə, kreatin hipokampusda — yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan beyin bölgəsində — bu maddənin səviyyəsinin bərpasına kömək edib. Həmçinin neyronların bütövlüyünün qorunması və onların elektrik aktivliyinin normallaşması ilə əlaqəli nəticələr əldə olunub.
Alimlər hesab edirlər ki, kreatin gələcəkdə bağırsaq və beyin iltihabı ilə əlaqəli xəstəliklərdə qoruyucu vasitə kimi araşdırıla bilər.
Bununla belə, nəticələrin insanlarda da təsdiqlənməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var. Hazırkı məlumatlar kreatin əlavələrinin insanlarda beyin iltihabının qarşısını aldığını və ya müalicə etdiyini deməyə əsas vermir.












