1000-ə yaxın yeniyetmə və gəncin xüsusi olimpiyaya cəlbi istiqamətində qiymətləndirmə həyata keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ölkə üzrə fəaliyyətlərinin əhatə dairəsini genişləndirir. Son dövrlərdə aparılan qiymətləndirmə və sorğular Şəki-Zaqatala, Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan iqtisadi rayonlarını və Naxçıvan Muxtar Respublikasını əhatə edir.
Bu proses çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 957 nəfər əlilliyi olan şəxsin potensial atlet imkanlarının ilkin qiymətləndirilməsi həyata keçirilib. Onların ailələri ilə əlaqə saxlanılaraq, potensialları və idman proqramlarına qoşulma imkanlarının müəyyən olunması üçün ilkin məlumatlar toplanılıb. Növbəti mərhələdə yeniyetmələr və gənclərlə ailələrində görüşlər keçirilərək yekun siyahı formalaşdırılacaq və onların müxtəlif idman növlərinə cəlbi həyata keçiriləcək.
Proses əqli imkanları məhdud şəxslərin sosial inteqrasiyasını gücləndirməyə, onların fərdi inkişafını dəstəkləməyə və cəmiyyətə daha fəal qoşulmasını təmin etməyə yönəlib.
Qiymətləndirmə nəticələri proqramların daha effektiv planlaşdırılmasına və gələcək fəaliyyətlərin hədəfli şəkildə genişləndirilməsinə imkan verəcək. Bu istiqamətdə əlavə təşəbbüslər də həyata keçirilərək iştirakçıların inkişaf imkanları artırılacaq və inklüziv mühit gücləndiriləcək.












