Son onillikdə Azərbaycanda xüsusilə regionlarda qız uşaqlarının təhsilə cəlb olunması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Əvvəllər erkən nikah və təhsildən yayınma halları daha geniş yayılmışdısa, bu gün vəziyyət xeyli dəyişib.

Bu müsbət dəyişikliklər dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində mümkün olub. Regionlarda keçirilən maarifləndirici tədbirlər, valideynlərlə görüşlər və seminarlar qızların təhsilə yönləndirilməsində mühüm rol oynayıb.

Təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib ki, artıq qəbul imtahanlarında regionlardan olan qız abituriyentlərin yüksək nəticələr göstərməsi bu sahədə atılan addımların real nəticəsidir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə 70-80 % irəliləyiş müşahidə olunur və bu, vaxtilə görülən işlərin bəhrəsidir.

Erkən nikah və qohumluq evliliklərinə qarşı mübarizə davam etdirilməli, bu istiqamətdə həm dövlət, həm də cəmiyyət birlikdə fəaliyyət göstərməlidir. Onun fikrincə, yaxın illərdə bu problemlərin qalıq halları da aradan qalxacaq.

Ramin Nurəliyev: "Mən bu irəliləyişdə, xüsusilə də həqiqətən də Elm və Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, rəhbərlərinin səylərini həqiqətən də belə deyək də ciddi qiymətləndirirəm. Bu istiqamətdə mən xatırlayıram, çünki bunu çox böyük, hətta mən özüm də bu kampaniyaya qoşulmuşdum. Regionlarda belə deyək seminarlar kampaniyasına qoşulmuşdum və oradan xatırlayıram. Ciddi bir şəkildə bu istiqamətdə zamanında çox böyük, uğurlu maarifləndirmə prosesi həyata keçirildi və bunun bəhrəsini də həqiqətən də görürük. Regionlardan qız uşaqlarının ali təhsil müəssisələrinin qəbul imtahanlarında yüksək bal toplaması, qəbul imtahanlarında, xüsusilə də yüksək bal toplayanlar içərisində region məktəblərinin qız şagirdlərinin olması həqiqətən də sevindiricidir. Yəni qız uşağı düşünürəm ki, ali təhsilli olmalıdır. Valideyn bunu birmənalı olaraq dərk etməlidir.”

"Dövlət qurumları ilə kifayətlənəcək bir şey deyil. Dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirir.Bugün Elm və Təhsil Nazirliyinin qız abituriyentlərin və ya qız tələbələrin deyək də ali təhsil müəssisələrinə qəbul olunmuş qız tələbələrinə xüsusi təqaüdləri var, yəni xüsusi təqaüdlər verilir. Bu nəyi göstərir? Dövlətin qız uşaqlarının təhsilinə olan diqqət və qayğısını göstərir. Əlbəttə, dövlət öz işini görür, amma cəmiyyət də burada müəyyən qədər köməklik göstərməlidir, dəstək göstərməlidir. Bu istiqamətə cəlb olunan şəxslər müəyyən olunduğu təqdirdə lazımi qurumlara vaxtında məlumat verilməlidir. Yəni, tutaq ki, deyək ki, erkən evliliyə kimsə cəlb olunursa, müəyyən təzyiq altındadırsa, əlbəttə ki, müvafiq qurumlara məlumat verilməlidir. Hüquq mühafizə orqanları lazımi vaxtı vaxtında gəlib məsələyə müdaxilə etməlidir. Yəni cəmiyyətin də bu istiqamətdə aktiv mübarizə aparması mütləq və mütləq lazımlıdır”. -  deyə  o açıqlamasında bildirib.

Zəhra Ağayeva