25–26 sentyabr tarixlərində Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin regional investisiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm iqtisadi platformadır.
Rəqəmlərə baxaq:
Ötən il keçirilən ilk forum 1000-dən çox iştirakçını bir araya gətirmişdi.
Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələri üzrə sənədlər imzalanmışdı.
Bunun 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşürdü. Yəni elan edilən investisiyaların ən azı 70%-i qeyri-neft istiqamətləri ilə bağlı idi.
2025-ci ildə elan edilən iri layihələr arasında təxminən 5 milyard dollarlıq Böyükşor gölü ətrafında şəhərsalma layihəsi, 700 milyon dollarlıq yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı və 407 milyon dollarlıq Xəzər suyunun duzsuzlaşdırılması layihəsi xüsusi diqqət çəkirdi.
Bu il isə forumun ilk günündə artıq 11 yeni əməkdaşlıq və investisiya sənədi imzalanıb. Əsas fərq onların sektorlar üzrə daha geniş şaxələnməsidir: rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətlər.
Məncə, burada ən vacib iqtisadi mesaj məhz budur: Azərbaycanın investisiya modeli tədricən “neft kapitalından” şaxələndirilmiş investisiya modelinə keçməlidir.
Forumda Orta Dəhliz, süni intellekt və rəqəmsal transformasiya, sənaye və azad iqtisadi zonalar, yaşıl enerji, kapital bazarları, aqrobiznes və kritik xammalın ayrıca müzakirə olunması da gələcək investisiya siyasətinin istiqamətlərini göstərir.
Azərbaycanın qarşısında indi üç əsas iqtisadi hədəf dayanır:
- Xarici investisiyanın həcmini artırmaq;
- İnvestisiyanın daha böyük hissəsini qeyri-neft və ixracyönümlü istehsala yönəltmək;
- İmzalanan memorandum və sazişləri real kapital qoyuluşuna, istehsala və yeni iş yerlərinə çevirmək.
Çünki iqtisadiyyat üçün əsas göstərici forumda neçə sənədin imzalanması deyil, həmin sənədlər əsasında ölkəyə nə qədər real kapitalın daxil olması, nə qədər yeni müəssisənin açılması, neçə iş yerinin yaranması və qeyri-neft ixracının nə qədər artmasıdır.
Azərbaycanın coğrafi mövqeyi, Orta Dəhliz, enerji infrastrukturu və Avropa–Asiya bağlantılarında artan rolu ölkəyə əlavə üstünlük verir. İndi əsas vəzifə bu coğrafi üstünlüyü investisiya və əlavə dəyər üstünlüyünə çevirməkdir.
İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli












