Belçikanın paytaxtı Brüsseldəki xəstəxana doğuş zamanı gətirilən qadını qəbul etməyib və geri göndərib.
QHT.az xəbər verir ki, Belçika mətbuatının yazdığına görə, 23 yaşlı mavritaniyalı sığınacaq axtaran qadın doğum etmək ərəfəsində UZ Jette xəstəxanasına aparılıb.
Oradakı təcili xidmət işçisi qadının tibbi sığortası və sığınacaq qeydiyyatı olmadığı üçün ondan 2000 avro ödəməsini tələb edib. Pulu ödəyə bilməyən qadın xəstəxanadan göndərilib.
Daha sonra başqa xəstəxanaya aparılan mavritaniyalı sığınacaq axtaran qadın övladını burada dünyaya gətirib.
UZ Jette xəstəxanasının rəsmisi məsələ ilə bağlı açıqlamasında bunun "çox müstəsna bir hal" olduğunu bildirib.
Belçika mətbuatına açıqlama verən səlahiyyətli, "Prinsipcə, vəziyyətindən asılı olmayaraq, müraciət edən hər kəsə sağlamlıq xidməti göstəririk. Son hadisəni çox ciddi qəbul edirik. Bunu edən məmur cəzalandırılıb" dedi.
Sığınacaq axtaran qadını xəstəxanaya qəbul etməyən məmurun fəaliyyətinin dayandırıldığı bildirilib.Mavritaniyalı qadının digər qızının sünnət edilməməsi üçün ölkəsindən qaçdığı bildirilib.
Belçikada qaçqın böhranı davam edir Belçikada bir ildən çoxdur ki, sığınacaq axtaranlar üçün sığınacaq və səhiyyə xidmətlərinin olmaması ilə bağlı böhran yaşanır.
Belçika Federal Sığınacaq Axtaranları Qəbul Agentliyi (Fedasil) gözləmə siyahısında 2700 nəfərin olduğunu, tutumunun dolduğu üçün qəbul prosesinin yavaş irəlilədiyini və sığınacaq axtaranlara xidmət edə bilməyəcəyini müdafiə edir.
“Fədasil”in qəbul məntəqələrinə qəbul oluna bilməyən qaçqınların bəziləri küçələrdə, bəziləri isə sahibsiz binalarda yaşayır.
QHT-lər Brüssel məhkəmələrində Fedasil və dövlətə qarşı minlərlə iddiada qalib gəlir. Məhkəmə qərarlarına əməl edilmədiyi üçün vəkillər sığınacaq axtaranların işlərini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) aparırlar. AİHM indiyədək 5 dəfə yüzlərlə sığınacaq axtaran şəxsə sığınacaq vermədiyi üçün Belçikaya qarşı ehtiyat tədbiri görüb.












