Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında bildirib ki, federasiya inkişaf etmək və idmançılarını beynəlxalq arenada sınamaq üçün Beynəlxalq Boccia İdman Federasiyasının bütün yarışlarında iştirak etməlidir.
O qeyd edib ki, ilkin yarışlarda idmançıların iştirakı vacibdir, çünki bu mərhələlərdən qazanılan nəticələr Dünya Kuboku, Avropa çempionatı və 2028-ci il Los Anceles Olimpiya Oyunlarına lisenziya üçün əsas rol oynayır:
“Mütəmadi olaraq yerlərdə əlilliyi olan şəxslərlə seleksiya işləri aparırıq, onları mərkəzimizə dəvət edirik və ölkə çempionatlarında iştirakını təmin edirik. Bu, onların bacarıqlarını yoxlamaq və milli komandamıza dəvət etmək üçün vacibdir. Bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətlərinin Turan Çempionatında federasiya iştirak edəcək, Portuqaliyada isə idmançımız Sona Ağayeva Dünya Kubokunda yarışacaq. Gələn ildən isə bir sıra beynəlxalq yarışlar planlaşdırılır".
Pərvanə Fərhadqızı












