Böyük Quruluş Partiyası (BQP) Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərlə əlaqədar yeni bir bəyanat yayımlayıb.
QHT.az xəbər verir ki, Bəyanatda qeyd olunur ki, partiyanın başqanı Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürüb və seçki prosesində aktiv iştirak edib.
Partiya üzvləri seçki marafonunun bütün mərhələlərində fəal rol oynayıb, seçici imzalarının qısa müddətdə toplanmasını təmin ediblər. Fazil Mustafa, seçki dairəsinin ərazisində 35-dən çox görüş keçirib, aktiv təbliğat-təşviqat fəaliyyəti göstərib. O, həmçinin şəhid ailələri və həssas əhali qrupları ilə də görüşlər təşkil edib.
Seçki kampaniyası dövründə Fazil Mustafa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası və digər beynəlxalq müşahidəçilərlə görüşərək, seçki prosesinin uğurla keçdiyini və hər hansı bir problemlə qarşılaşmadığını qeyd edib. Böyük Quruluş Partiyası, seçkilərin ilkin nəticələrinə əsasən, Fazil Mustafanın rəqiblərindən daha çox səs topladığını bəyan edir. Partiya, 50-yə yaxın seçki dairəsində müşahidəçilərini qeydiyyatdan keçirib və seçkilərin demokratik mühitdə, azad rəqabət şəraitində keçdiyini bildirir.
Partiya uğur qazanan namizədləri təbrik edir və seçkilərdə BQP-ni dəstəkləyən hər kəsə təşəkkürlərini çatdırır.












