Ukrayna prezidenti Vladimir Zelenski braziliyalı həmkarı Lula da Silvanın nə Ukraynanın, nə də Rusiyanın sülhdə maraqlı olmaması ilə bağlı sözlərinə reaksiya verib.
QHT.az xəbər verir ki, Latın Amerikası mediasına verdiyi müsahibədə Zelenski da Silvanın bu cür bəyanatlarla nəyə arxalandığını anlamadığını vurğulayıb. O əlavə edib ki, bu cür bəyanatlar heç bir şəkildə sülhü yaxınlaşdırmır. Zelenski həmçinin Braziliya prezidentinin müşaviri Selso Amorimin istənilən danışıqlarda “Rusiyanın təhlükəsizliyinin real problemlərini” də nəzərə almalı olduğu barədə bəyanatını şərh edib: “Rusiya Federasiyasının təhlükəsizliyindən danışmaq qəribədir. Rusiya, Putin və Lula Rusiya üçün təhlükəsizlik təminatlarından danışırlar. İnanıram ki, onun öz fikirləri var. Həm də sizin fikirləriniz olması vacib deyil. Prezident Putinin fikirləri ilə üst-üstə düşür”, - deyə prezident bildirib.
O, əlavə edib ki, Braziliya heç kimlə müharibə aparmayan ölkədir və ona dünyada Rusiyadan qat-qat çox hörmət edilir: “Braziliya təcavüzkar deyil, sülhsevər dövlətdir, ona görə də heç bir müstəmləkəçidən heç bir fərqi olmayan, daim yalan danışan, insanları manipulyasiya edən, yanlış məlumatlandıran, uşaqlarımızı öldürən, qadınlarımızı zorlayan bir dövlətin rəhbərinin rəvayətləri nəyə lazımdır? Əgər prezident Lula mənə nəsə demək istəyirsə, qoy oturub mənə desin”, – Zelenski vurğulayıb.
Dövlət başçısı braziliyalı həmkarının dünyanı daha geniş başa düşdüyünə inandığını açıqlayıb.
Pərvanə Fərhadqızı












