Bakı Slavyan Universitetinin (BSU) Kitabxana Resurs-İnformasiya Kompleksində (KRİK) Qərbi Azərbaycanla bağlı “Danışır tarix” sənədli filminin nümayişi və ardınca müzakirə sessiyası keçirilib.

QHT.az xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev bildirib ki, film böyük peşəkarlıqla hazırlanıb, tanınmış tarixçilərimiz tərəfindən Qərbi Azərbaycan həqiqətlərinə dair dəyərli fikirlər səsləndirilib. Rektor qeyd edib ki, ölkəmizdə Qərbi Azərbaycan mövzusunun beynəlxalq səviyyədə tanıdılması baxımından bu cür layihələr xüsusi əhəmiyyət kəsb edir və mühüm maarifləndirici rol oynayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova (Nağıqızı) çıxışı zamanı filmin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək, BSU-nun rektoru Anar Nağıyevə filmin universitetdə nümayiş etdirilməsinə şərait yaratdığı üçün təşəkkürünü ifadə edib və bildirib ki, müzakirələrdə iştirak etmək, müxtəlif baxış bucaqlarını dinləmək onun üçün əhəmiyyətli olub.

Daha sonra “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə çıxış edərək nümayiş olunan filmin ərsəyə gəlmə məqsədlərindən danışıb və filmin ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.