"Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulmasında birlikdə iştirakı böyük tarixi hadisədir".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

O vurğulayıb ki, iki qardaş ölkənin liderlərinin açılış və təməlqoyma mərasimdə iştirak etməsi Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz olduğunu sübut edən növbəti mesajdır:

"Füzuli Beynəlxalq Hava Limanının açılışını işğaldan azad olunmuş ərazilərimizdə başlanmış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu hesab etmək olar. Ümumiyyətlə, Fizuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağın və Şərqi Zəngəzurun inkişafına şərait yaradacaq. Çünki bu hava limanının, yerləşdiyi coğrafi məkanına görə, bütün Türk dünyası üçün mühüm nəqliyyat mərkəzinə çevrilməsi gözlənilir".

Emil Əkbərov qeyd edib ki, iki dost və qardaş ölkənin rəhbərlərinin bu açılış və təməlqoyma mərasimlərində birgə iştirak etməsi bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri tarixdə özünün ən yüksək səviyyəsini yaşayır və ildən-ilə daha da möhkəmlənəcək:

"44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad edib. Bu müharibənin başlandığı ilk gündən Türkiyə Azərbaycanın yanında olub. Həmçinin, Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, Şuşa Bəyannaməsinin imzalanması, Türkiyə prezidentinin hərbi paradda, eləcə də ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının dönməz və əbədi olduğunu göstərir.

Füzuli Beynəlxalq Hava Limanının yüksək keyfiyyətlə qısa müddətdə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıdacağının bariz sübutudur.

Müharibə bitəndən sonra işğaldan azad olunan ərazilərdəki yenidənqurma və bərpa işlərində də Türkiyə öz dəstəyini Azərbaycandan əsirgəməyib. Ötən gün açılış və təməlqoyma mərasimlərində cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirakı da təkcə qardaşlıq nümunəsi deyil, həm də ölkələrimiz arasındakı möhkəm birliyin bariz göstəricisidir.

Unutmaq olmaz ki, iki dövlət arasında mövcud olan dostluğun möhkəmliyinin səbəbi həm də cənab Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləridir.

Azərbaycan-Türkiyə müttəfiqliyi regionda davamlı və dayanıqlı sülhün bərpasına istiqamətlənib".

Aysel Yusifqızı